Politoloq: “Bəzi tarixçilərimizin hədəfi Nadir Şahdır” MÜNASİBƏT

Politoloq: “Bəzi tarixçilərimizin hədəfi Nadir Şahdır” MÜNASİBƏT

"Təəssüflər olsun ki, tarixi kitablarımızı vərəqləyərkən, bəzən elə öz müəlliflərimiz tərəfindən dahi şəxsiyyətlərimizin təhqir olunmasının şahidi oluruq. Vaxti ikən Sovet təhsili görüb, Azərbaycanın gerçək tarixindən xəbəri olmayan bu şəxslərin özlərindən azı yüz dəfə böyük olan şəxsiyyətlər haqqında söz demələrinə görəsən kim izin verir? Hər nə olurlar olsunlar, hətta tariximizdə çoxlu sayda səhvlər belə buraxsalar, onlar Azərbaycanın və Türk dünyasının böyük şəxsiyyətidirlər". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, vaxtilə az qala bütün qitəni zəbt etmiş dahilər haqqında rus – fars təfəkkürü ilə yaşayan şəxslərin yazdıqları kitabların gerçək səbəbləri nədir? Görəsən, onlar Azərbaycan tarixini, xalqımızın tanınmış dövlət xadimlərini niyə təhqir edirlər?

Bu dəfə, bəzi tarixçilərimizin hədəfi Nadir Şahdır

2011-ci ildə prof. Firudin Əsədov (Nurullabəyli) ADİU-da Nadir şah Əfşarın tarixini təsvir edən kitab çap etdirmişdi (http://elibrary.bsu.az/yenii/iqtisadkitablar/46_nadir.pdf ). Kitabın girişində görün nə yazır:

"Tariximizin səhifələrində Nadirqulu (Nadir şah) hiyləgərliyi ilə Xorasanda ad qazanmış, quldurluqla məşğul olan vücud, 2-ci Şah Təhmasibə yol tapmış, onun hakimiyyətdən kənarlaşdırmaqla özünü şah elan etmişdi. O, şahlıq hakimiyyəti illərində Azərbaycanda talanlar edib, ermənilərin xeyrinə addımlar atıb. Nadir şahın Azərbaycandakı talanları həddindən artıq olub".

Mətnboyu bütün səhifələrdə Nadir şah kimi dahi şəxsiyyət təhqir olunmuş, ona - "quldur", "soyğunçu", "kinli bir məxluq" kimi dilə gəlməyən sözlər deyilmişdir.Həmçinin müəllif yazır kı, "ölkədəki iqtisadi çətinliklər Nadir şahın halına təsir etmirdi. Onu yalnız yeni – yeni ölkələri işğal etmək, onların sərvətinə sahib olmaq düşündürürdü". Müəllif Nadir şahı fars adlandıraraq, bilərəkdən mənfur qonşularımızın apardıqları siyasəti davam etdirir. Həmçinin, müəllif mətnboyu tez - tez guya kı, Bakıxanova istinad edir.

Çox yazıqlar olsun ki, imperializminin son iki əsrdə apardığı siyasət nəticəsində Türk tarixində Nadir şah Əfşar şəxsiyyətinə düşmən kimi baxılıb. Çünki, o, bir Türk idi, Azərbaycan türkü. 19-cu əsr Azərbaycan Türk tarixçisi Abbasqulu Ağa Bakıxanov Nadir şah Əfşarın soykötüyü ilə bağlı yazırdı: "Moğol istilası dövründə, Azərbaycana gəlmiş olan türkmən əfşarlarından Qırxlı tayfası, Şah İsmayıl Səfəvinin zühurundan sonra, köçüb Əbivərd mülkündə, Gürgan çeşməsi ətrafında sakin olmuşdu. Bu tayfadan İmamqulu adlı bir nəfərin 1689-cu ildə Nadirqulu adlı bir oğlu oldu". Müəllif isə, utanmadan Nadir şahı Xorasandan olan farskökənli bir "quldur " kimi təqdim edir.

Halbuki, Nadir şah nəinki Azərbaycanın, həmçinin bütün islam və türk dünyasının fatehi idi. O sünni və şiə məzhəbləri arasında ixtilaflara son verib böyük türk dövlətini qurmağı hədəfləyirdi. Nadir şahın Səfəvilərin taxtına qanuni olaraq oturmasını Bakıxanovdan tutmuş bir çox digər tarixçilər dəfələrlə təsdiq etmişlər. 19-cu əsrin Türk (Azərbaycan) tarixçiləri Nadir şahın Səfəvilərin taxtında oturmasını labüd və qanunauyğun hal kimi qələmə alıblar.

Bəlli olan odur ki, Nadir şahın qətli Azərbaycan torpaqlarının parçalanmasının başlanğıcı oldu.

Biz bir millət olaraq tariximizə və tarixi şəxsiyyətlərimizə hörmət etməyi bacarmalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə