Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov öz etimadnaməsini prezident Yoaxim Qauka təqdim edib. SİA-ya ölkəmizin Almaniyadakı səfirliyindən verilən məlumata görə, prezident R. Həsənovu Almaniyaya səfir təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir qəbula görə Yoaxim Qauka təşəkkürünü bildirib. Almaniya prezidenti Azərbaycanla münasibətlərin mövcud durumundan razılığını ifadə edərək ölkəsinin regionda sabit tərəfdaşlara ehtiyacı olduğunu bildirib.
Diplomat Azərbaycan və Almaniya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdiyini, ən yüksək səviyyədə siyasi dialoqun mövcudluğunu məmnuniyyətlə diqqətə çatdırararaq, son il ərzində baş tutmuş qarşılıqlı səfərləri qeyd edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib, Ermənistanın ərazilərimizi işğal etməsindən və işğal nəticəsində yaranmış qaçqınlar, eləcə də məcburi köçkünlər problemindən bəhs edib. ATƏT-in sədri qismində Almaniyanın fəaliyyətinə toxunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.
Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan -Avropa İttifaqı əməkdaşlığı, vətəndaş cəmiyyəti, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB