Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon İcra Hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram" mövzusunda tədbir keçirib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Sonra aprel döyüşlərində şəhid olmuş Orxan Əliyev, Elvin Namazov və Mühid Qurbanovun xatirəsini əbədiləşdirmək məqsədilə tikilən bulaq kompleksinin açılışı olub.
Daha sonra tədbir Qazax Mədəniyyət Mərkəzində davam edib. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurlu davamından söz açıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında aprel döyüşlərində Azərbaycan ordusunun düşməni ağır məğlubiyyətə uğratmasının ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun ən müasir silahlarla təmin olunası, şəxsi heyətin peşəkar hazırlığı ərazilərimizin bütövlüyünün tezliklə təmin olunacağına əminlik yaradır.
Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi belə tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli qeyd etmişdir ki, aprel döyüşlərində Azərbaycan xalqı yekdilliklə Ali Baş Komandanın yanında olduğunu bir daha nümayiş etdirib.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, Qazax rayonunda yerləşən N saylı hərbi hissədə nümunəvi xidmətinə görə fərqlənən əsgər, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Qazax rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB