YAP rəsmisi: “Riçard Kazlariç ermənipərəst qüvvələrin istəyi ilə hərəkət edir” MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynovun müsahibəsi:
– Ötən gün BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst qurumun Azərbaycan ilə bağlı hesabatını açıqlayıb. Hesabata münasibətiniz necədir?
İlk növbədə bildirim ki, sözügedən hesabat tamamilə qərəzli və böhtan üzərində qurulub. Əslində, bu hesabat xaricdəki ermənipərəst dairələrə yaxın olan "Freedom House", "Amnesty İnternational" kimi təşkilatların bəyanatlarından fərqlənmir. Əminəm ki, BMT-nin xüsusi məruzəçisi həmin hesabatı Azərbaycana gəlməmişdən öncə hazırlayıb. Bu baxımdan da Azərbaycanda heç bir araşdırma aparmadan, mövcud reallığı öyrənmədən qərəzli və uydurma bəyanat hazırlamaq heç bir məntiqə cavab vermir. Düşünürəm ki, bu cür qərəzli hesabat hazırlamaq BMT-nin nüfuzuna ciddi xələl gətirir. Çünki BMT-nin əsas mandatı ilk növbədə dünyada ədalətin qorunmasını təmin etməkdir.
Mişel Fors hesabatında qeyd edir ki, guya Azərbaycanda insan hüquqları pozulur, mitinqlərin təşkilinə imkan verilmir, siyasi müxalifət üzvlərinin və QHT sədrlərinə qarşı təzyiqlər olur və sairə. Bütün bunlar tamamilə yalan və cəfəngiyatdır. Azərbaycan dövləti müxalifətin mitinq keçirməsi üçün şəhərin mərkəzində yer ayırır, hətta həmin mitinqdə asayişin qorunması üçün yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülür. Buna misal olaraq müxalifətin sentyabrın 11, 17 və 18-də paytaxtda keçirdiyi mitinqlərə söyləmək olar. Məgər Mişel Fors bunları bilmir? Əgər müxalifətin mitinqlərinə insanlar gəlmirsə, heç bir maraq göstərmirsə, indi bunun günahı hakimiyyətdədir? Mişel Fors da dərhal radikal müxalifətin arqumentsiz fikirlərini birtərəfli və qərəzli formada öz hesabatında qeyd edir ki, guya Azərbaycanda insanların sərbəst toplaşmasına imkan verilmir və sairə. İndi Mişel Forsa sual olunur, bir hesabatda Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin mövqeyini ifadə edən fikirləri öyrənmədən qərəzli qeydlər aparmaq nə dərəcədə ədalətlidir? Dünyada sülhün və ədalətin qorunmasında əsas mandat sahibi olan BMT-nin "ədaləti" budurmu? Mən bir daha bildirirəm ki, Mişel Forsun bu cür bəyanatı tamamilə uydurma, sifarişli və qərəzlidir, heç bir reallığı əks etdirmir. Bu cür şəxslərin Azərbaycan haqqında qərəzli mövqe nümayiş etdirməsi birinci hal deyil. Bu hallar Azərbaycan dövləti ilə vətəndaşları arasında olan qarşılıqlı inama və etimada söykənən mövqedən geri çəkindirə bilməz.
Azərbaycan Prezidentinin köməkçisi hörmətli Əli Həsənov da sözügedən hesabata toxunarkən, çox dəqiq vurğulayıb ki, insan hüquqlarından danışarkən, xüsusi məruzəçi həm də Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını nəzərə almalı və sənədə daxil etməli idi.
Bəli, bu tamamilə doğru səslənən tələbdir. Azərbaycan torpaqlarının 20 faizi 25 ildir ki, Ermənistanın işğalı altındadır. Mişel Forsa xatırladım ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı onun təmsil etdiyi BMT-nin 4 qətnaməsi mövcuddur. Bu işğal nəticəsində 1 milyondan çox insanımızın hüquqları pozulub. Amma Mişel Forsun hesabatında bu barədə bir kəlmə belə qərəzsiz məqam yer almır. Əgər bu gün Azərbaycanda insan hüquqlarının qorunmasından söhbət açılırsa, ilk növbədə 1 milyondan çox azərbaycanlının 25 ildən çoxdur ki, pozulan hüquqları bərpa olunmalıdır. Bizim haqlı istəyimizdir ki, bunu BMT-dən tələb edək. BMT Azərbaycanın taleyüklü məsələsi hesab olunan qaçqınların pozulmuş hüquqları və erməni işğalçılığına son qoyulması məsələsinin üzərindən keçib getməməlidir. Yaxşı olar ki, BMT öz mandatına uyğun olaraq Azərbaycanın 1 milyondan çox əhalisinin pozulmuş hüquqlarının bərpa olunması üçün fəal və səmərəli iş aparsın.
– ABŞ-ın Azərbaycanda sabiq səfiri Riçard Kazlariç də ölkəmiz haqqında qərəzli fikirlər səsləndirib. Bu barədə nə deyə bilərsiz?
– Bu gün Azərbaycan əksər sahələrdə ABŞ-la yaxşı münasibətlərə malikdir. Eyni zamanda ABŞ tərəfi hər zaman bəyan edir ki, Azərbaycan bizim strateji müttəfiqimizdir. Təbii ki, Azərbaycan dövləti də bu strateji müttəfiqliyə sadiqdir. Ancaq belə bir məqamda ABŞ-dakı ayrı-ayrı mərkəzlərdən qərəzli və qeyri-adekvat münasibətləri görəndə, ayrı-ayrı QHT və media qurumlarının Azərbaycanla bağlı qərəzli və qarayaxma mövqeyi müşahidə olunanda, bütün bunlar Azərbaycanla ABŞ arasındakı münasibətlərə müsbət töhfə vermir.
Digər tərəfdən isə necə olur ki, Riçard Kazlariç Azərbaycanda səfir işlədiyi dövrdə bu cür tənqidi fikirlər səsləndirmirdi. Ancaq indi tənqidi çıxışlar edir. Mən belə güman edirəm ki, ABŞ-da kök salmış erməni lobbisinin və ayrı-ayrı ermənipərəst qüvvələrin istəyi ilə hərəkət edir.
Ümumiyyətlə, onu qeyd edim ki, Azərbaycanın davamlı inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə təhlükəsizlik və sabitlik ABŞ və Qərbdə olan ermənipərəst və islamofob dairələri daim ciddi narahat edir və Azərbaycan dövlətçiliyi üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşır, demokratiya adı altında müxtəlif QHT şəbəkəsi və media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya təşkil edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB