Azərbaycanla Meksika arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycanla Meksika arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycanla Meksika arasında siyasi məsləhətləşmələrin ikinci toplantısı keçirilib.

SİA-ya Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, məsləhətləşmələr Meksikanın Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Fransisko del Rio və Azərbaycan xarici İşlər nazirinin müavini Xələf Xələfovun iştiraki ilə baş tutub.

Əvvəlcə ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub. Tərəflər ticarət və sərmayə qoyuluşu sahəsindəki əlaqələrin perspektivlərindən söz açıb, əməkdaşlığın mümkün sahələrinə toxunublar. Hər iki ölkənin bir sıra qurumu arasında əlaqələri möhkəmlədəcək hüquqi bazanın genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin, Meksika ilə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından danışılıb. Bundan əlavə, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə Meksika tərəfi ölkəsinin son illərdə qazandığı inkişafını qeyd edib, belə ki, ölkə iqtisadiyyatı dünyada 14-cü yeri tutur və Şimali Amerika ilə Latın Amerika arasında əlverişli yerləşməsi onun üçün çoxsaylı imkan yaradır: keyfiyyətli əmək qüvvəsi, azad ticarət sazişləri üzrə dünya lideri və beynəlxalq istehsalat və loqistika mərkəzi olması, müvafiq hüquqi baza və şəffaflığın mövcudluğu, rəqabət qabiliyyətli istehsalat qiymətləri, həyata keçirilən struktur islahatları və dünyanın 10 ən çox ziyarət olunan ölkəsindən biri olması Azərbaycanın investorları və iş adamları üçün əlverişli ola bilər.

Həmin gün səfir Fransisko del Rio ilə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu arasında görüş keçirilib. İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu qeyd olunub. Bu xüsusda əməkdaşlığın müxtəlif sahələrində dinamikanı inkişaf etdirən müvafiq parlamentlərarası qrupların fəaliyyəti müzakirə olunub. Görüşdə hər iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi və perspektivlərinə toxunulub. Tərəflər qarşılıqlı səfərlərin və yalnız Meksika ilə Azərbaycanda yox, həmçinin, hər iki dövlətin təmsil olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edən üçüncü ölkələrdə ikitərəfli görüşlərin keçirilməsinin vacibliyinə dair ümumi razılığa gəliblər.

Qeyd olunan görüşlərdə Meksikanın Azərbaycandakı səfiri cənab Rodriqo Labardini iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə