Fazil Mustafa: "Türkiyə heç bir vəchlə hərbi çevriliş yaşamamalıdır" MÖVQE
"Adətən Türkiyədəki bu cür çevrilişlərdən öncə müəyyən hazırlıq prosesləri aparılırdı. Öncə küçələrdə fərqli ideoloji qrupların bir-birinə qarşı bir neçə ay davam edən silahlı münaqişəsi baş verirdi, yaxud ana müxalifət partiyasının gizli dəstəyi alınırdı, və ya Misirdə olduğu kimi, hakimiyyətə qarşı olan qüvvə meydana nümayişə çıxaraq istefa tələbi qoyur və ordu bu tələbi bəhanə edərək hakimiyyəti ələ keçirir. Türkiyədəki indiki durum fərqlidir". SİA-nın xəbərinə görə, bu fikirləri Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, Türkiyədə hakimiyyyətin ciddi sosial bazası var, 15 illik iqtidar imkanlarından qazanılmış maddi resurslar var, digər tərəfdən ordunun hakimiyyətə gəlməsini zəruri edən sosial sifariş də müşahidə olunmur: "Fikrimcə, məlum xarici ölkədən yönləndirilən, ancaq perspektivsiz, sadəcə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı silkələyəcək bir xəbərdarlıq aksiyasıdır. Çünki, TRT 1-dən mücərrəd "Yurdda Sülh Konseyi" adından açıqlama verilməsi ilə əsgəri axıra qədər bu işi davam etməyə yönləndirmək mümkün deyil. Üstəlik də hakimiyyətin ciddi media dəstəyi mövcuddur. Əgər işin başında bilavasitə Baş qərargah rəisi dursaydı və ya hansısa xarizmatik bir general prosesləri idarə etsəydi, qısa müddətə nəyəsə nail olmaq bəlkə də ehtimal oluna bilərdi. Məchul bir mənbədən alınan əmrin məsuliyyəti altına ağlı başında olan kimsənin girməsi çətin işdir".
F. Mustafa söyləyib ki, bizim üzərimizə düşən, Türkiyənin heç bir vəchlə hərbi çevriliş yaşamamasıdır: "Kimlərinsə Ərdoğandan xoşu gəlib- gəlməməsi öz işidir, ancaq Türkiyənin qanuni yolla seçilmiş prezidentini və hökumətini devirmək, bu ölkəni yenə də 30-40 il geri salmaq deməkdir. Ona görə də hərbi çevrilişə simpatiya duyanları heç cür anlaya bilmirəm. Bunun adı nə Atatürkçülük, nə də Türkiyə sevgisidir. Bunun adı Türkiyənin bu həssas dönəmdə zəifləməsini arzulamaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB