Bu gün Milli Məclisin Elm və təhsil komitəsində "Elm haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. SİA-nın xəbərinə görə, iclasda qanun layihəsini təqdim edən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, ölkədə elmin inkişafına əsaslı təkan verəcək bu sənədin müzakirəsi zamanı parlamentin plenar iclasında deputatlar çox dəyərli təkliflər səsləndiriblər. Nəticədə sənəd ikinci oxunuşdan sonra daha da təkmilləşdirilib. İşçi qrup, əlaqədar dövlət qurumları, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsi, ekspertlər bu komitənin üzvləri ilə birgə qanun layihəsi üzərində ciddi iş aparıblar.
Sənəd üzərində düzəliş aparılmış maddələr şərh edildikdən sonra komitədə müzakirə başlandı. Deputatlar "Elm haqqında" qanun layihəsinin mükəmməl hazırlandığını, dövlətçiliyə və tərəqqiyə xidmət edəcəyini vurğuladılar. Qeyd olundu ki, müasir Azərbaycan elminin yüksəlişinə zəmin yaradacaq bu sənədin hazırlanması istiqamətində Milli Məclisdə çox mühüm işlər görülüb. Parlament rəhbərliyinin böyük qayğısı və xüsusi dəstəyi sayəsində "Elm haqqında" qanun iki oxunuşdan keçib.
Fikir mübadiləsi zamanı qanun layihəsində müasir dövrün tələblərinin nəzərə alınmasını yüksək qiymətləndirən deputatlar bir sıra qeydlərini də nəzərə çatdırıblar. Geniş müzakirədə Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, deputatlar Şəmsəddin Hacıyev, Gövhər Baxşəliyeva, Musa Qasımlı, Kamilə Əliyeva, Ülviyyə Ağayeva, Ağacan Abiyev, Sona Əliyeva rəylərini diqqətə çatdırıblar.
Müzakirələrin yekununda "Elm haqqında" qanun layihəsi üçüncü oxunuşda parlamentin plenar iclasına tövsiyə olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB