Xəbər verildiyi kimi, Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının 44-cü plenar iclası keçirilib.
Plenar iclasda Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Milli MəclisdəN SİA-ya verilən xəbərə görə, iclas çərçivəsində, mayın 20-də Milli Məclisin sədri Oqtay Əsədov Qazaxıstan Parlamenti Məclisinin sədri Baktıkoja İzmuxambetov ilə görüşüb.
Görüşdə ölkələrimizin parlamentlərinin MDB Parlamentlərarası Assambleyası, TürkPA və digər beynəlxalq qurumlarda qarşılıqlı fəaliyyəti müzakirə olunub, Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Milli Məclisin sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlar barədə məlumat verib, Azərbaycanın bu münaqişədə ədalətli mövqeyini dəstəklədiyinə görə Qazaxıstan tərəfinə təşəkkürünü bildirib.
Baktıkoja İzmuxambetov Qazaxıstanın bütün münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
MDB PA-nın 44-cü plenar iclasında ilk dəfə dünyanın iri parlamentlərarası assambleyalarının nümayəndə heyətləri, o cümlədən Avropa Şurası Parlament Assambleyasının rəhbəri Pedro Aqramunt, ATƏT-in Parlament Assambleyasının sədri İlkka Kanerva, Parlamentlərarası İttifaqın rəhbəri Saber Çoudhuri iştirak ediblər. İclasda müasir dövrün bir çox mühüm problemləri, o cümlədən terrorizm, ekstremizm, irqçilik, qaçqın və köçkünlər və digər mühüm məsələlər barədə müzakirələr aparılıb.
İclasdan sonra keçirilən mətbuat konfransında Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov jurnalistlərin suallarına cavab verərək qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. O deyib: "Əlbəttə, hamımız münaqişənin sülh yolu ilə həll olunacağına ümid bəsləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən unutmamalıyıq ki, müharibə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərində aparılır".
Valeh Ələsgərov ölkəmizin beynəlxalq təşkilatlarda iştirakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ədalətli mövqeyimizin irəlilədilməsi işində rolu barədə sualı cavablandırarkən bildirib ki, Azərbaycan üzvü olduğu bütün beynəlxalq təşkilatların tribunalarından istifadə edərək öz sözünü deyir, ədalətli mövqeyini və tələblərini ortaya qoyur. "Bizim arxamızda güclü dövlətimiz, iqtisadiyyatımız, güclü ordumuz var və buna görə də hər yerdə başımızı dik tutaraq öz sözümüzü deyə bilirik", - deyə parlament sədrinin müavini vurğulayıb. Valeh Ələsgərov bildirib ki, aprel döyüşlərindən sonra dünyada gedən proseslərdə qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişdiyinin şahidi olduq. Azərbaycan rəhbərliyinin apardığı düzgün siyasət sayəsində hazırda əksər dövlətlər ölkəmizin mövqeyini dəstəkləyir.
Mətbuat konfransında ermənipərəst "Regnum" agentliyi müxbirinin Azərbaycan nümayəndəsinə ünvanlanmış "ATƏT-in Parlament Assambleyasının sədri İlkka Kanerva çıxışında Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunarkən Azərbaycan nümayəndə heyətinin bəzi üzvləri salonu niyə tərk etdi" kimi təxribat xarakterli sualına Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko sərt cavab verərək deyib: "Azərbaycan nümayəndə heyəti salonu tərk etməyib. Nümayəndə heyətinin bəzi üzvləri əvvəlcədən planlaşdırılan görüşə gediblər. Azərbaycan nümayəndə heyəti salonu nəyə görə tərk etməli idi ki?! ATƏT PA-nın sədri İlkka Kanerva çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair artıq uzun illərdir ən müxtəlif beynəlxalq tədbirlərdə səslənən məlum fikirləri söyləmişdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB