Fəaliyyətinin bütün dövrlərində xalqı üçün əvəzolunmaz xidmətlər göstərən, müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü mayın 10-da Fəxri Xiyabanda ümumxalq ziyarəti ilə qeyd edilib. Burada yaşanan izdiham xalqın Ulu Öndər Heydər Əliyevə sonsuz məhəbbətinin daha bir parlaq təzahürünə çevrilib. SİA-nın məlumatına görə, Ümummilli Liderin Azərbaycan naminə gördüyü misilsiz işlər ona tarixdə və yaddaşlarda əbədiyaşarlıq qazandırıb.
Heydər Əliyev böyük azərbaycanlı idi və qürurla deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Bu dahi şəxsiyyətdən söhbət düşəndə hər kəs, ilk növbədə, Heydər Əliyevin xalqına, Vətəninə olan böyük sevgisini, Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etdiyini vurğulayır. Təsadüfi deyil ki, dahi şəxsiyyətin uyuduğu Fəxri xiyaban bu gün xalqımızın müqəddəs ziyarətgahına çevrilib, məzarını daima gül çələngləri, tər çiçəklər bəzəyir.
Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələri vardı. Yeniyetməni də, cavanı da, ahılı da buraya bir hiss çəkib gətirir: Heydər Əliyevə olan sevgi və məhəbbət. Özü də onlar təkcə paytaxtı təmsil etmirlər. Burada Azərbaycanın bütün guşələrindən, xarici ölkələrdən olan çoxsaylı qonaqları görmək olar.
Fəxri xiyabana gələn ziyarətçilər arasında gənclər daha çox üstünlük təşkil edirdilər. Bu da təsadüfi deyil. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev həmişə savadlı, bacarıqlı, Vətənini, millətini sevən gənclərə qayğı ilə yanaşır, onlara böyük etimad göstərirdi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində gənclər müstəsna rol oynayır.
Fəxri xiyabana üz tutan hər kəs yaxşı bilir ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və dövlətimiz üçün misilsiz işlər görüb, xilaskarlıq missiyasını axıradək yerinə yetirib.
Fəxri xiyabana insan axınının ardı-arası kəsilmirdi. Bu insanlar özlərinin Ümummilli Liderinə, Xilaskarına dərin ehtiramlarını ifadə etmək üçün bir daha buraya gəlirdilər.
Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları gələcəyə gedən yollarımızı hələ uzun illər boyu işıqlandıracaq. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Azərbaycan xalqı dahi rəhbərinin tarixi xidmətlərini heç vaxt unutmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB