Lragir: “Kənddə adam qalmayıb”
Talış kəndindən XƏBƏR VAR

Bir ay öncə, erməni təxribatına cavab olaraq Azərbaycan Ordusunun düşmənə vurduğu sarsıdıcı zərbəsinin ardınca, işğal altındakı ərazilərimizdə məskunlaşan əhali kütləvi şəkildə Ermənistana qaçıb.

SİA xəbər verir ki, erməni nəşri "lragir.am" saytı Talış kəndinin hazırkı vəziyyəti barədə informasiya yayıb. Məlumata görə, kənd icmasının koordinatoru Slava Bayunts deyib ki, kənddən Ermənistana 90 ailə köçüb. Ümumilikdə isə onların sayı 370 nəfərdir. İcma rəhbəri bildirib ki, onların problemlərinin həlli üçün Ermənistan rəhbərliyinə müraciət edilsə də, aprelin 20-nə qədər heç bir məsələyə baxılmayıb: "Cüzi problemlər araşdırılsa da, əsas problemlər öz həllini tapmayıb. Kənd sakinlərinə ev, sosial müavinətlər, təqaüdlərin Ermənistana köçürülərək verilməsi lazımdır. Bir çoxlarının yaz biçimi üçün aldıqları bank kreditləri var və indi banklar da pullarını tələb edir. Uzağı beş-on ailə Ermənistanda ev ala bilər ki, yerdə qalanlarının aqibəti barədə heç nə demək olmaz".

İcma rəhbəri həmçinin şikayət edib ki, Yerevandakı yataqxanalar Qarabağdan qaçan əhali ilə doludur: "Yerevan yataqxanalarında yer qalmayıb. Xüsusilə, Suriya ermənilərinin Qarabağa köçürülməsindən sonra biz tamamilə kənarda qalmışıq".

Xatırladaq ki, aprelin əvvəlində keçirilən hərbi əməliyyatlardan sonra bir neçə digər strateji yüksəkliklərlə yanaşı, Talış kəndini və ətraf əraziləri nəzarət edən yüksəklik də ordumuzun nəzarəti altına keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə