“Müasir Azərbaycan dövlətinin qurucusu” adlı tədbir keçirilib SƏS TV

“Müasir Azərbaycan dövlətinin qurucusu” adlı tədbir keçirilib SƏS TV

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin birgə təşkilatçılığ ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən "Müasir Azərbaycan dövlətinin qurucusu" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə dövlət və hökümət rəsmiləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının fəal gəncləri iştirak ediblər.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbiri açıq elan edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən bütün tədbirlər artıq ümumxalq bayramına çevrilib: "Həyatımızın elə bir günü yoxdur ki, Ulu Öndər Heydər Əliyev haqqında danışmayaq. Bu, Dahi Liderin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinin nəticəsidir. Ona görə də bu xidmətlər barədə təkcə doğum günü ərəfəsində deyil, il boyu danışılır və danışılacaq. Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub".

Məlahət İbrahimqızı vurğulayıb ki, Ulu Öndəri hər zaman ehtiramla, hörmətlə yad edəcəyik: "Ümummilli Lider dünyanın nadir şəxsiyyətlərdəndir ki, Onun fəaliyyəti ilə bağlı böyük elmi mənbə yaranıb. Biz ondan hələ çox şey öyrənəcəyik. Bu gün qürurla deyirik ki, Ulu Öndər Azərbaycan xalqının Dahi Şəxsiyyətidir. Nə qədər ki, xalqımız var, bu millət, dövlət hər zaman Onun ruhu, xidmətləri qarşısında minnətdar olacaq".

Mustafa Kamal Atatürkün fikirlərini xatırladan Məlahət İbrahimqızı qeyd edib ki, tarixi şəxsiyyət o zaman dahi, öndər, lider olurlar ki, o, özünün atdığı imza ilə xalqının adından imza atmış olsun. Bu sözlər Ulu Öndər haqqında deyilənlərin təsdiqidir.

YAP Gənclər Birliyinin Ulu Öndərin anadan olmasının 93-cü ildönümü ilə bağlı hazırladığı "Müasir Azərbaycan Dövlətinin Qurucusu" adlı flaşmobun təqdimatından sonra çıxış edən Milli Məclisin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova diqqətə çatdırıb ki, hər bir insanın, hər bir azərbaycanlının həyatında Ulu Öndər Heydər Əliyev imzasının olduğu danılmazdır: "Ulu Öndər böyük qəlbi, sevgisi, məhəbbəti ilə Azərbaycan xalqının hər bir nəfərinin müstəqil Azərbaycanın müstəqil vətəndaşı olması üçün ömrünü fəda etdi. Ona ayrılmış ömrünün hər anını fədakarlıqla xalqına sərf etmiş insan təbii ki, heç vaxt yaddaşlardan silinməyəcək. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onu çətinliklərdən çıxara bilən, ona inam verən, öz gücünə inandıran bir lideri var. Bizlər xoşbəxt insanlarıq ki, Onun həyata keçirdiyi müstəqil Azərbaycan dövlətinin quruculuq prosesinə həyatımız təsadüf edib. Bir çoxlarımız da elə Onunla birlikdə bu məqsədlər, amallar uğrunda mübarizədə iştirak etmişik. Onun uğrunda çalışdığı hədəf müstəqil Azərbaycan dövlətini inkişaf etdirərək dünya arenasında söz sahibinə çevirmək idi. Əlbəttə ki, hər bir xalq üçün müstəqil dövlət qurmaq ali məqsədlərdən biri idi və bu ali məqsədə çatmaq üçün bir neçə vacib şərtlər olmalıdır ki, onlardan biri də milli ideya və onları kütlələrə daşıya biləcək milli liderin olmasıdır. Yalnız bunlar olduğu təqdirdə milli birliyi əldə etmək mümkün idi ki, ona da Ulu Öndər öz uzaqgörən siyasəti ilə nail ola bildi. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində bir fərd, bir şəxsiyyət, bir milli lider kimi özü-özünü sınaqdan çıxarmaqla yanaşı, özü ilə birgə Azərbaycan xalqını da sınaqlardan çıxardı, çətinliklərdən qurtardı. Azərbaycançılıq ideyaları ilə silahlanmış, Heydər Əliyev şəxsiyyəti, siyasəti ətrafında birləşmiş Azərbaycan xalqı bütün fədəkarlıqlara, qəhrəmanlıqlara hazır idi. Əlbəttə ki, milli ideya, milli birlik, milli lider ümümxalq xarakteri almış bir təşkilat olmadan fəaliyyətini doğru-düzgün həyata keçirə bilməzdi. Müasir dövrün əsas tələbi olan ümummilli partiyanın olması vacib şərt idi. Bu partiya elə Yeni Azərbaycan Partiyası oldu. YAP-ın ətrafında yüzlərlə Azərbaycan ziyalıları, aydınları, elmli, təhsilli gəncləri birləşdi. Bu insanlar ölkəsinin inkişafı üçün əllərindən gələni əsirgəməyən insanlardır. Belə bir siyasi təşkilatda birləşənlər bu gün dünya arenalarında, beynəlxalq tədbirlərdə ölkəsinin uğurlarını sadalayır, dövlətinin apardığı uğurlu siyasəti beynəlxalq tribunalardan səsləndirir".

Bahar Muradova onu da qeyd edib ki, xalqın özünə inamı yalnız nailiyyətlər əldə edilməsinə gətirib çıxara bilər: "Azərbaycan xalqının yetirdiyi dahi, müdrik, bizim hər birimizin qəlbində ülvi məhəbbət bəslədiyi Heydər Əliyevin həyatı hər bir azərbaycanlı, xüsusilə gənclər üçün örnəkdir. Gənclərin Heydər Əliyev irsinə sadiqliyini, ona olan sevgisini görəndə əminliklə söyləyə bilərik ki, Azərbaycan hər zaman Heydər Əliyev yolu ilə irəliləyəcək, Onun siyasi varisi, Prezident İlham Əliyevin apardığ qətiyyətli siyasətin ardınca gedəcək.

Nəsimi rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov çıxışında müasir Azərbaycan dövlətçiliyinin yaradıcısı Ulu Öndər Heydər Əliyev olduğunu qeyd edərək bildirib ki, Onun hələ Azərbaycanın SSRİ-nin tərkibində olduğu zaman gördüyü işlər, genişmiqyaslı fəaliyyəti bu gün Azərbaycanın müstəqil bir dövlət kimi yaşamasını təmin edib: "Ölkəmizdə hansı sahəyə nəzər salsaq görərik ki, onun əsası Ulu Öndər tərəfindən qoyulub. Çağdaş dünyamızda, çox ziddiyyətli proseslərin baş verdiyi geosiyasi maraqların üst-üstə düşdüyü bir zamanda sabitlik adası adlanan Azərbaycan adında müstəqil, güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətin təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər istər dövlətə, istər cəmiyyətin ayrı-ayrı təbəqələrinə münasibətdə çox böyük bir strategiyanı hazırlayıb. Bu gün bu strategiya Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bizlər də bir vətəndaş olaraq Prezidentin apardığı siyasəti dəstəkləyir, öz fəaliyyətimizlə Ulu Öndərə ehtiramımızı bildiririk".

Daha sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O bildirib ki, Azərbaycanda gənclər siyasətinin, gənclər strategiyasının banisi Ulu Öndər Heydər Əliyevin fəaliyyətində gənclərin yeri daim öndə idi: "Dahi Lider hər zaman gənclərə böyük etimad göstərib, onlara arxalandığını dəfələrlə vurğulayıb. Ona görə də, gənclərimiz həmişə dövlətin diqqət və qayğısını öz üzərində hiss edib. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Gənclər də öz növbəsində bu inamı, bu etimadı doğrultmağa çalışaraq, öz ideyaları, gənc baxışları ilə ölkənin inkişafına töhfəsini verməkdədir. İnanırıq ki, bundan sonra biz gənclər daim Ölkə Prezidentinin apardığı siyasətin bir parçası kimi yeni-yeni uğurlara imza atacağıq".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı Dahi Şəxsiyyət Heydər Əliyevin bütün məsələlərə dövlət və dövlətçilik prinsiplərindən yanaşdığını, onun Azərbaycanın, eləcə də YAP-ın gələcəyini daim gənclərdə gördüyünü vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə