Müşfiq Ələsgərli: "Erməni təxribatı təkcə Ermənistan mediası üzərindən reallaşdırılmır MÜNASİBƏT
"2014-cü ildə cəbhə xəttində analoji hadisələr baş verəndə və bundan öncəki dönəmlərdə, hadisələrin mediada Azərbaycanın milli maraqları müstəvisində işıqlandırılması baxımından ciddi problemlər var idi. Əvvəlki dövlərlə müqayisə aparsaq, bu sahədə ciddi irəliləyişlərin olduğunu söyləmək mümkündür". Bu fikirləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
O bildirib ki, Azərbaycan mediası nəinki baş verən hadisələrə Azərbaycanın milli maraqları kontekstində yanaşır, eyni zamanda, bu işi çox peşəkarcasına həyata keçirir: "Düzdür, hələ də bəzi onlayn media qurumlarında, sosial şəbəkələrdə erməni dəyirmanına su tökənlər var. Amma artıq bunlar azlıq təşkil edir. Ümumi media gündəmini əhatə edə bilmirlər. Azərbaycanın peşəkar media qurumları yanlış informasiyaları, erməni mətbəxində hazırlanıb dövriyyəyə buraxılan təxribatçı informasiyaları anındaca dəyərləndirib, zərərsizləşdirə bilirlər. Aprel ayının əvvəlində baş verən hadisələr zamanı əhalinin yüksək ruh ovqatında saxlanılmasında, erməni təxribatına uymasının qarşısının alınmasında media ciddi rol oynadı və bu, Azərbaycaın dövlət rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildi. Amma məsələ ilə bağlı "görülən işlər kifayətdirmi?" sualı kontekstində yanaşsaq, demək lazımdır ki, görüləsi işlər hələ çoxdur. Erməni təxribatı təkcə Ermənistandan və erməni media üzərindən reallaşdırılmır. Erməni xəbər istehsalçıları dünyanın bir sıra nüfuzlu KİV-lərində yerləşə biliblər və onların xəbər təqdimatına təsir edə bilirlər. Bu KİV-lərdə Azərbaycan əleyhinə kampaniyalar təşkil etməyi bacarırlar. Artıq Azərbaycan media ictimaiyyəti bu məsələni də diqqətə almalıdır və onlara qarşı da cavab verməyi bacarmalıdırlar. Bunun üçün artıq Azərbaycan mediasının kifayət qədər imkanları var, həm peşəkar, vətənpərvər jurnalist cameəsi formalaşıb, həm də KİV-lərin maddi resursları ermənilərin əhatə etdikləri sahələrə nüfuz edəcək qədər yetərlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB