Ölkə başçısı: "Torpaqlarımız işğaldan azad olunacaq"

"Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub". SİA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı bildirib ki, ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatında da mədəni və dini abidələrin dağıdıldığı əksini tapıb: "Ancaq Azərbaycanda erməni kilsəsi bərpa olunub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb olunur. Amma Ermənistan bu qətnamələrə məhəl qoymur. Bəzi hallarda BMT qətnamələrinin bir neçə saat və ya gün ərzində həyata keçirildiyini görürük. Ancaq Azərbaycana gəlincə, bu, 20 ildən çox çəkir. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da belə qərarlar qəbul edib. Ancaq Ermənistan bunlara əməl etmir. İşğalçı dövlətə qarşı heç bir beynəlxalq təzyiq göstərilmir".

Xocalıda qətliam törədildiyini xatırladan Ölkə başçısı qeyd edib ki, qətliam zamanı 600-dan çox uşaq, qadın və qoca qətlə yetirilib: "Dağlıq Qarabağ münaqişənin həlli ərazi bütövlüyünə, Helsinki Aktına əsaslanmalıdır. Azərbaycanın əraziləri tez bir zamanda işğaldan azad olunacaq. 1988-ci ildən yüz minlərlə azərbaycanlı Ermənistandan, 700 mindən çox məcburi köçkün Qarabağdan qovulub. Azərbaycanın o dövrdə cəmi 8 milyon əhalisi vardı. O dövrdə ən yoxsul ölkələrdən biri idik. Biz qaçqın və məcburi köçkünlər üçün 90-dan çox qəsəbə yaratmışıq, bu işlər davam edir. Ancaq onların bir qismi hələ də yataqxanalarda, şəraitsiz yerlərdə qalırlar. Ümumiyyəttlə, işğala baxmayaraq, Azərbaycan inkişaf edir ".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...