Mübariz Qurbanlı nümayəndə heyətini qəbul edib

Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Yehovanın Xristian Şahidləri" Avropa Assosiasiyasının nümayəndələri Mariyano Maciyas Quzman və Antoni Breysi qəbul edib. SİA-nın məlumatına görə, Mübariz Qurbanlı bildirib ki, ölkədə vətəndaşların dini etiqad azadlığı tam təmin olunub. Azərbaycanda zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək formada fəaliyyət göstərməyən bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradılıb.

Azərbaycanın tarixi tolerantlıq ənənələrinə malik ölkə olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin yaşadığını və onların respublikamızda fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlarda dini ayinlərini sərbəst icra etdiklərini bildirən Komitə sədri deyib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar. Mübariz Qurbanlı bildirib ki, Yehovanın şahidlərinin Azərbaycanda icması mövcuddur və fəaliyyət göstərir.

Görüş zamanı qonaqlar Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildiriblər ki, Assosiasiya Avropa məkanında geniş fəaliyyət göstərir.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin iştirak etdiyi görüşün sonunda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə