Sədr “Daily News Hungary” qəzetinə müraciət edib

Azərbaycan Macar Gənclər Birliyinin sədri İbrahim Səfərlinin Macarıstanın "Daily News Hungary" qəzetinə etdiyi müraciətdə Macarıstandakı Azərbaycan cəmiyyətinin Azərbaycanın Dağlıq Qarabağ regionunda baş verən zorakılıqla bağlı narahatlığı ifadə edilib. SİA-nın məlumatına görə, müraciətdə son 3 gündə Ermənistan Silahlı qüvvələrinin atəşkəsi pozaraq, cəbhə bölgəsində 100 dəfədən artıq müxtəlif istiqamətlərdə atəş açmasını və nəticədə Azərbaycan mülki əhalisinin və hərbi qulluqçularının həlak olması qeyd edilib. Müraciətdə bildirilib ki, aprelin 2-də cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır silahlardan intensiv atəşə məruz qalıb. "Ermənistan silahlı qüvvələrinin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxs həlak olub və ciddi yaralanıb. Eyni zamanda, ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulub"- deyə müraciətdə bildirilib.

Həmçinin, müraciətdə Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884, həmçinin BMT Baş Assambleyasının 2008-ci ildə qəbul edilmiş 62/243 saylı qətnamələrinə əməl etməməsi öz əksini tapıb. "Belə ki, bu qətnamələrdə Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğal edilməsi pislənilib, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib. Sözügedən qətnamələrdə BMT Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkib hissəsi olduğunu bir daha təsdiq edib və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf rayonlardan qeyd-şərtsiz çıxarılmasını tələb edilib"- deyə müraciətdə bildirilir.

Müraciətin sonunda Macarıstandakı Azərbaycan cəmiyyətinin beynəlxalq ictimaiyyəti Ermənistandan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqlarının işğalını dayandırmağı, bütün işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxartmağı və münaqişənin həlli prosesində konstruktivlik göstərməyi tələb etməyə çağırdığı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə