Siyavuş Novruzov: "Fəaliyyət göstərməyən partiyalar ləğv edilməlidir"
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası davam edir. SİA-nın məlumatına görə, iclasda çıxış edən millət vəkili Siyavuş Novruzov "Siyasi partiyalar haqqında" Qanuna müvafiq dəyişikliklərin edilməsini təklif edib. O bildirib ki, qanuna müvafiq dəyişiklərin üzərində işlər gedir və hazır olduqdan sonra Milli Məclisə təqdim olunacaq.
Deputat qeyd edib ki, büdcədən maliyyələşən və maliyyələşməyən partiyalar şəffaflığın təmin olunması üçün Mərkəzi Seçki Komissiyasına hesabat verməlidir: "Lakin onlar buna əməl etmir, ya da ağ kağız göndərirlər ki, maliyyə gəlirləri yoxdur. Lakin hərəsinin bir neçə cangüdəni, avtomobili, ofisi var. Bəs bu gəlirlər hardandır? Eyni zamanda partiyalararası gərginlik var. Bunlar tənzimlənməli, qaydaya salınmalıdır".
Deputat fəaliyyət göstərməyən partiyaların ləğv edilməsi məsələsini də gündəmə gətirib: "Bəzi partiyalar 20 ildən artıqdır vəzifələrini yerinə yetirmirlər. Dünya təcrübəsində var ki, belə partiyalar bağlanmalıdır. Bu partiyalar artıq alqı-satqı obyektinə çevrilib. Bunun üçün qanuna dəyişiklik edilməlidir".
S. Novruzov "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinin qəbul edilməməsinə də münasibət bildirib: "Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədriyəm. Bu qanun layihəsində dinə zidd müddəalar var. Allaha qarşı gələ bilmərik. Kimsə bu qanun layihəsində Allahlıq edir. Azərbaycan xalqının milli mentalitetinə uyğun olmayan məsələlər var və onlar çıxarılmalıdır".
Deputat bildirib ki, ünvanlı sosial yardıma baxış dəyişilməlidir: "Ünvanlı sosial yardım insanların ayağa qalxması üçün köməkdir. Buna baxış dəyişilməlidir. Ünvanlı sosial yardım bir illik verilməlidir və insanın işlədiyi sahəyə tətbiq olunmalıdır. Oradan gələn gəlirlə ailə vəziyyətinin yaxşılaşmasına xidmət olunmalıdır. İnsanları ələ baxımlılığa öyrətmək düzgün deyil".
Millət vəkili İnformasiya təhlükəsizliyi ilə bağlı məsələni də önə çəkib: "Qanuna dəyişiklik etməliyik. Hansısa mənbə Azərbaycan ordusu haqqında yazır, yarım saatdan sonra isə yazını çıxarır. Bütün saytlar da ona istinadən yazı dərc edir. Məlum olur ki, bu informasiya xaricdə hansısa mənbədə yerləşdirilib və bundan mediamız istifadə edir. Bununla bağlı ciddi addımlar atılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB