Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən 20 Yanvar hadisələrindən 26 il ötür. Ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan 20 Yanvar xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu.
Azərbaycanın istiqlal tarixində çoxlu faciəli səhifələr var. Lakin qanlı 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaq. Bu, keçmiş sovet hərb maşınının böyük bir millətə tuşlanmış amansız terror aktı idi. İllər keçdikcə xalqımız 20 Yanvar qırğınının əsl mahiyyətinin səbəblərini daha aydın şəkildə dərk edir və hər dəfə də haqsızlığın miqyası heç bir ölçüyə sığmadığı kimi, faciəyə aparan ədalətsiz siyasətin, daha doğrusu, xəyanətkarlığın hüdud tanımadığı dönə-dönə sübut olunur. Bu qanlı tarixi unutdurmaq üçün vaxtilə nə qədər təşəbbüslər oldu: qəzetlər buraxılmadı, dövlət televiziyasının enerji bloku partladıldı, ölkənin bütün kütləvi informasiya vasitələri iflic vəziyyətinə salındı. Hətta 20 Yanvar faciəsi zamanı baş vermiş hadisələr bilərəkdən təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum olundu. Lakin xəyanətkarlar anlamırdılar ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin azadlığı və müstəqilliyi uğrunda ən ağır sınaqlara dözmək, hətta şəhid vermək qüdrətini bütün dünyaya göstərmək əzmindədir.
Bu qanlı tarix - 20 Yanvar faciəsi həm də SSRİ adlanan nəhəng imperiyanın iflasında da əsas amillərdən biri oldu.
Həmin gün 137 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın vətəndaşımızın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin bu hadisə eyni zamanda xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya, dönüş nöqtəsinə çevrildi.
Hər il olduğu kimi bu ildə xeyli sayda insanın səhər saatlarından etibarən Şəhidlər Xiyabanına axını başlayıb. Onların arasında qoca-uşaq, azyaşlı, böyük-kiçik, tələbə-müəllim, bir sözlə minlərlə insan Şəhidlər Xiyabanını ziyarət edir. Aşağı sinif şagirdləri baş verən faciəni tam dərk etməsələr də, müəllimlərin tarix barədə dediklərini yadda saxlamağa çalışırdılar.

Ziyarətçi Mais Mahmudov: "Şəhidlərimiz heç vaxt unudulmayacaq. Biz inanırıq ki, şəhidlərimizin ruhu hər zaman yaşayacaq. Onlar bizə əzizdir. Allah onlara rəhmət etsin".

Ziyarətçi Dilbər Əkbərova: "Allah bütün şəhidlərimizə rəhmət etsin. Onlar öz canlarını bizim yolumuzda qurban veriblər. Şəhidlər bizim əzizlərimizdir. 20 Yanvar tarixi Azərbaycan tarixinə əbədi həkk olunub".

Ziyarətçi Elbrus Məmmədov: "Hər il öz övladlarımla birgə Şəhidlər xiyabanına gələrək şəhidlərimizin əziz xatirəsini yad edirik. Onlar bizim uğrumuzda şəhid olublar və qəlbimizdə daim yaşayacaqlar. Şəhidlərimizin valideynlərinə səbr diləyirik".

Ziyarətçi Cümə Abdullayev: "Mən 20 yanvar şəhidlərinin hər birinin qəbrini öz əllərimlə qazmışam. Həmin anlar mənim üçün çox ağır idi və unudulması çətindir. Mən nə qədər yaşasam onların nahaqdan tökülən qanı da mənim ürəyimdə bir ağrı kimi hiss olunacaq".
Qeyd edək ki, faciədən sonrakı tarixi proses xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi. 20 Yanvar hadisələrində qurbanlar verildi, lakin həmin faciəli günlər inam və sınaq günü kimi də yadda qaldı. Qəhrəman xalq həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB