Varşavada fəaliyyət göstərən Vistula universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş tədbir keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən SİA-ya verilən məlumata əsasən, tədbirdə Vistula universitetinin müəllim və tələbə heyəti, o cümlədən Azərbaycandakı Qafqaz universitetinin Humanitar və ictimai elmlər institutunun elmi işçisi Şamxal Əbilov, Vistula universitetinin doktorantı Sənnur Əliyev, Polşada fəaliyyət göstərən bir sıra araşdırma mərkəzlərinin mütəxəssisləri iştirak ediblər.
Vistula universitetinin beynəlxalq əlaqələr institutunun direktoru, professor Longin Pastusiak Dağlıq Qarabağ probleminin 1988-ci ildən etibarən aktiv fazaya daxil olduğunu bildirib. Münaqişə nəticəsində Azərbaycan ərazilərinin işğal olunduğunu vurğulayıb.
Vistula universitetinin doktorantı Sənnur Əliyev çıxışı zamanı xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 1990-cı il-20 Yanvar faciəsinə toxunub. O, 20 Yanvar faciəsinin post-sovet məkanında insanlığa qarşı törədilmiş ən qanlı hadisə olduğunu qeyd edib. Çıxışı zamanı Azərbaycan xalqının müstəqilliyini bərpa etmək istiqamətində xalqımızın keçdiyi yoldan söhbət açıb.
Ş. Əbilov isə öncə 20 Yanvar faciəsindən bəhs edib. Bu faciəyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi aspektindən yanaşıb, bununla bağlı ətraflı məlumat verib.
Daha sonra "Dağlıq Qarabağa ümumi tarixi baxış: Azərbaycanın mövqeyi" adlı məruzə ilə çıxış edən Ş.Əbilov, əsasən ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülmə tarixindən danışıb. O, burada Çar Rusiyası, İran və Osmanlı dövləti arasında imzalanmış Türkmənçay, Ədirnə müqavilələrinə toxunaraq, Qarabağın demoqrafik vəziyyətinə təsirindən danışıb. Dağlıq Qarabağ probleminə tarixin müxtəlif dövrlərində, o cümlədən SSRİ və müstəqillik illərində hüquqi baxımından yanaşıb, iştirakçıların böyük marağına səbəb olmuş tarixi faktları, sənədləri onlara təqdim edib.
Seminar, iştirakçıların rəy və suallarından ibarət diskussiya ilə davam edib. Azərbaycanın Polşadakı səfirliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı polyak dilində nəşr etdirdiyi kitablar və 20 Yanvar faciəsi haqqında polyak dilində olan açıqca seminar iştirakçılarına təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB