Hikmət Hacıyev: “Azərbaycana qarşı sanksiyalar qəbuledilməzdir” MÜSAHİBƏ - SƏS TV
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin SƏS TV-yə müsahibəsi:
- Hikmət müəllim, artıq 2016-cı ilə daxil olduq. XİN-nin yeni ildə əsas prioritet istiqamətləri nədən ibarət olacaq?
- Təbii ki, 2016-cı ildə də Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərini ilk növbədə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, ölkəmizin sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, eləcə də Azərbaycanın iqtisadi, enerji, nəqliyyat strategiyasının beynəlxalq müstəvidə təşviq edilməsi, dövlətimizin mal və xidmətlərinin yeni bazarlara çıxışının təmin edilməsi ilə yanaşı humanitar, mədəniyyət və idman diplomatiyasının daha da inkişaf etdirilməsi kimi məsələlər təşkil edəcək. Xaricdə yaşayan vətəndaşlarımıza konsulluq xidmətinin göstərilməsi, onların hüquq və mənafeylərinin qorunması kimi məsələlər də xarici siyasətimizin gündəliyində olacaq.
- Bu il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilirmi və ATƏT-in Minsk qrupu həmsədrlərinin faəliyyətinin əsasını nə təşkil edəcək ?
- Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan və Ermənistan prezidentlərinin 19 dekabr 2015-ci il tarixində İsveçrənin Bern şəhərində görüşü baş tutdu. Bu görüşdə həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edirdi. Görüşdən sonra həmsədrlər tərəfindən verilmiş bəyanatda münaqişə tərəfləri olan Ermənistan və Azərbaycana çağırış edildi. Çağırışda qeyd olunurdu ki, münaqişə tərəfləri olaraq bu iki dövlət 2016-cı ildə də danışıqları davam etdirməlidir. Hazırda Azərbaycan təklif olunan məsələlərlə əlaqədar 2016-cı ildə dialoqu intensivləşdirməyə, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasları davam etdirməyə hazırdır. 2016-cı ildə də həmsədrlərin fəaliyyətinin əsasını konkret müstəvidə olan bu təkliflər təşkil edəcək. Təkliflərin mahiyyətinə gəldikdə isə 2015-ci ildə Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycana təkliflər etmişdi. Bununla əlaqədar olaraq da Sergey Lavrov Azərbaycanda və Ermənistanda işgüzar səfərdə ikən hər iki ölkənin rəhbərliyi ilə bu məsələni müzakirə etmişdi. Sözügedən təkliflər "Yenilənmiş Madrid" Prinsiplərinə əsaslanır.
- Sizcə, bu gün Azərbaycan-ABŞ əlaqələri hansı məcrada inkişaf edir. ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin Azərbaycana ikili standartı nədən qaynaqlanır?
- Azərbaycanla ABŞ arasında sıx münasibət müstəqilliyimizin ilk illərindən formalaşıb. İki ölkənin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, bu məcrada da enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, digər qlobal hədə və təhdidlərin qarşısının alınması kimi sahələr uğurla inkişaf edib. ABŞ və Azərbaycan əsgərləri beynəlxalq sülh və təhlükəsizlik naminə müxtəlif regionlarda sülhməramlı əməliyyatlarda iştirak ediblər. Buna xüsusilə Kosovanı, Əfqanıstanı nümunə göstərə bilərik. Bu gün Azərbaycan Respublikasının Əfqanıstanda həyata keçirilən qətiyyətli dəstək missiyasına töhvələri əvəzedilməzdir. Bununla belə, humanitar, iqtisadi və ticarət sahəsində də əlaqələrimiz inkişaf edir. Məsələn, ABŞ-ın aviasiya sahəsinə verdiyi sifarişlər əsasında rəsmi Vaşinqtonda 10 mindən artıq müxtəlif iş yerləri yaranıb. Bütün bunlar göstərir ki, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq üçün böyük imkanlar var.
Bütün bunlara baxmayaraq təəssüf ki, ABŞ Konqresində və geniş ictimaiyyətdə təmsil olunur bəzi dairələr erməni lobbisinin təsiri altında fəaliyyət göstərirlər. Onlar iki ölkənin əlaqələrinə mane olmağa çalışırlar. ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən irəli sürülən qərəzli və qəbuledilməz olan "Azərbaycanda demokratiyaya dair akt" adlı qanun layihəsi də bu civardandır. Bu qanun layihəsi heç bir halda reallığı əks etdirmir. Bu, birtərəfli qaydada erməni lobbisinin diqtəsi ilə hazırlanıb. Ona görə də biz bunu qərəzli bir addım hesab edirik. Azərbaycanın ABŞ-da olan diplomatik nümayəndəlikləri, o cümlədən də geniş Amerika ictimaiyyətində, Konqresində və rəsmi dairələrində olan tərəfdaşlarla təmasları davam etdirir, bundan sonra da müzakirələrimiz davam etdiərəcəyik.
- Amerikanın Azərbaycan rəsmilərinə və onların bank hesablarına qarşı sanksiyaları gündəmə gətirməsi nə dərəcədə düzgündür?
- İlk növbədə bunların arxasında ermənipərəst qüvvələr, o cümlədən ABŞ-da fəaliyyət göstərən erməni milli komitəsi dayanır. Onlar heç bir vəchlə ABŞ-la Azərbaycan arasında əlaqələrin inkişafına imkan verməməyə çalışırlar. Əslində bununla da onlar Amerikanın özünün milli təhlükəsizlik maraqlarını hədə və təhdid altına qoyurlar. Əgər biz tarixə nəzər salsaq görərik ki, elə bu kimi şəxslər tərəfindən də "907-ci" düzəliş ("Azadlığa Dəstək" Aktı) qəbul edilmişdi. ABŞ rəsmiləri dəfələrlə bəyan ediblər ki, "907-ci" düzəlişin qəbul edilməsi ilk növbədə Amerikanın milli təhlükəsizlik maraqlarına təhdid yaradır. Hətta bu məhdud lobbi dairələri özlərinin maraqlarından çıxış edərək ABŞ-ın öz milli təhlükəsizlik maraqlarını da hədə və təhdid altına qoyurlar.
Ümumiyyətlə, sanksiyalar rejiminə gəldikdə isə biz bunu qəbuledilməz və real hesab etmirik. Beynəlxalq münasibətlərdə və hüquqda sanksiyaların tətbiq olunma mexanizmi müəyyən olunub. Belə bir səlahiyyət ilk növbədə BMT Təhlükəsizlik Şurasına məxsusdur. Hər hansı bir seçimli əsasda kiminsə digər bir dövlətə qarşı sanksiyalardan çıxış etməyə heç bir əsası yoxdur. Bu, beynəlxalq münasibətlərdə mövcud olan məsələlərin həll edilməsinə xidmət edəcək yanaşma deyil, tamamilə destruktiv yanaşma xəttidir. Əgər dövlətlərarası münasibətlərdə hər hansı bir məsələ varsa bu, ilk növbədə dialoq, qarşılıqlı anlaşma və diplomatik vasitələrlə öz həllini tapmalıdır. Sanksiyalar rejiminə gəldikdə isə bununla bağlı BMT Nizamnaməsində rejim müəyyən olunub ki, bu da dövlətlərin ərazi bütövlüyü və suverenliyinin pozulması hallarında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında tətbiq oluna bilər. Konkret olaraq Azərbaycanın təcrübəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi pozulub, ölkəmizə qarşı təcavüz törədilib. Ona görə də bu kimi insanlar əgər bu dərəcədə "haqq və ədalət"in tərəfdarlarıdırlarsa onda səslərini elə bu məsələdə qaldırmalıdırlar. Ümumiyyətlə sanksiyaların tətbiq olunmalı olduğu dövlət də məhz Ermənistandır.
- Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib ki, 2016-cı ildə Azərbaycanla Ermənistan arasında müharibə ola bilər. Bu barədə nə deyə bilərsiniz?
- Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin söylədiyi fikirlərdən asılı olmayaraq Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi donmuş münaqişə deyil, əksinə aktiv fazadadır. Sadəcə olaraq işğal və təcavüz Azərbaycana qarşı davam edir. 20 ildən artıqdır ki, Azərbaycan xalqı onun acı fəsadlarını yaşayır. Beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi müvafiq qətnamənin tələblərindən çıxış edərək münaqişənin həlli istiqamətində səylər artırılmalıdır. Təbii ki, burada da ilk növbədə məsuliyyət ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin üzərinə düşür. Onlar beynəlxalq mandat əsasında bu münaqişənin həllinə məsul tərəf kimi vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və yaxud hər hansı bir fəsadların yarana biləcəyi ehtimallarını nəzərə alaraq münaqişənin həlli istiqamətində səylərini daha da artırmalıdırlar.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB