Mirkazım Kazımov: “Heydər Əliyev olmasa idi, Azərbaycan yenidən işğal olunacaqdı” AÇIQLAMA

Mirkazım Kazımov: “Heydər Əliyev olmasa idi, Azərbaycan yenidən işğal olunacaqdı” AÇIQLAMA

"XX əsrin II yarısı Azərbaycan tarixinin ən keşməkeşli dövrlərindən biridir. Bu dövr xalqımızın tarixinə soyqırımlarla, faciələrlə yazıldı. Eyni zamanda Azərbaycan bu dövrdə müstəqillik əldə etdi, xalqımız bütün sınaqlardan üzü ağ çıxdı. Heç şübhəsiz ki, bu dövrdə Azərbaycan xalqı lidersiz də qalmamışdır. Dahi şəxsiyyət Heydər Əliyev millətimizi bütün məlum qırğınlardan xilas etmiş, ermənilərin torpaqlarımıza olan iddialarını alt-üst etmiş və xalqımızın öz soykökünə, tarixinə, adət-ənənələrinə, sərvətlərinə sahib çıxmasını təmin etmişdir. Məhz Onun sayəsində Azərbaycan dövləti ayaq üstündə durmağı bacarmış, öz milli atributlarına yiyələnmiş, bütün azərbacanlılar bir bayraq altında cəmləşə bilmişdir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov bildirib.

Onun sözlərinə görə, hələ 1970-ci illərdə ermənilərin Azərbaycan torpoqlarına olan iddiaları, torpaq hərisliyi məhz Ulu Öndərin səyləri nəticəsində böyük iflasla nəticələndi: "Ulu Öndər Heydər Əliyevin təkcə adının çəkilməsi ilə mənfur düşmənlər qorxularından geri çəkilirdilər. Çünki Heydər Əliyev ən böyük vətənpərvər, ən böyük Azərbaycançı, ən böyük türk və ən böyük dövlət xadimi idi. 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, Ulu Öndər Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı Naxçıvandan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlanmışdı. O, bayrağımızı xalqımıza yenidən bəxş etdi, üçrəngli bayraq dövlət bayrağı elan olundu. Atributlarımıza sahibləndik, Sovet dövründə itirilmiş adət-ənənələrimizə sahib çıxdıq, müstəqlliyimiz qazanıb dövlətimizə sahibləndik. Qısa müddət ərzində ordumuzu qurduq, təhsilimizi böyütdük. Bütün bunların hamısı Ulu Öndər Heydər Əliyevin sayəsində baş tutdu. Onun sayəsində ermənilərin Azərbaycandakı işğalçılıq siyasətinə son qoyuldu, atəşkəs elan oldundu. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın gələcək inkişafını təmin etdi. Bu, nəhəng işi Ümummilli Lider Heydər Əliyev gördü. Bütün dünya dövlətlərinin diqqəti Azərbaycana yönəldi, dövlətimiz dünyanın ən sabit ölkəsi kimi tanındı. Ən başlıcası, dünya Azərbaycanın qısa müddət ərzində qazandığı gücü təqdir edərək bizimlə hesablaşdı. Hər kəsə nağıl, yuxu kimi görünən Bakı-Tbilisi-Ceyhan layisəi reallaşdırıldı, Azərbaycan sərmayə qoyulan dövlətdən sərmayə qoyan dövlətə çevrildi. Neftdən gələn gəlirlər insan kapitalına çevrildi. Biz əgər bu gün sabitlik şəraitində yaşayırıqsa, bunu Ulu Öndər Heydər Əliyevə borcluyuq. O olmasa idi, onsuz da 1990-cı illərin əvvəllərində Azərbyacanda vətəndaş müharibəsi baş verəcəkdi və nəticədə ölkəmiz yağılar tərəfindən yenidən zəbt olunacaqdı. O, Azərbyacanı bölünməkdən, vətəndaş müharibəsindən, düşmən tapdağından, dağılmaqdan, məhv olmaqdan xilas etdi. Heydər Əliyev dövlətimizin ideoloji konsepsiyasını yaratdı, bütün strukturlar formalaşdı, Azərbaycanın gələcək inkişafı üçün bütün tədbirlər həyata keçirildi. Bu gün də bu uğurlu siyasət ən yüksək səviyyədə davam etdirilir. Azərbyacan elə böyük layihələrə imza atıb ki, bu layihələrin dünyada analoqu yoxdur. Artıq bu gün qətiyyətlə, deyə bilərik ki, prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti dünyada söz sahibidir".

M.Kazımov onu da qeyd edib ki, hələ Ulu Öndər sağ ikən dünya liderləri Onun haqqında danışmağı özlərinə şərəf bilirdilər, ən böyük siyasətçilər, dövlət xadimləri ona qibtə edirdilər: "Böyük Britaniyanın baş naziri Toni Bleyer deyirdi ki, Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. ABŞ-ın eks prezidenti Corc Buş xalqımızın dahi şəxsiyyəti haqqında danışarkən bildirmişdi ki, Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Gördüyünüz kimi, dünya liderləri də etiraf ediblər ki, Azərbaycan dövlətinin, xalqının taleyi Heydər Əliyevin taleyi ilə eynididir. Dövlətimizin taleyi Ondan asılı idi. İkinci bir xilas yolu yox idi. Hesab edirəm ki, hər bir azərbaycanlı Ulu Öndər Heydər Əliyev irsinə yiyələnməli, onu dərindən öyrənməli, dövlətə, millətə xidmət yolunda bu irsi özünə tezis tutmalıdır. Bu millət yaşadıqca Heydər Əliyev irsi də yaşayacaqdır. Hələ əsrlər bundan sonra da bu irs araşdırılacaq və Ulu Öndərin xalqımıza etdiyi xidmətlər gələcək nəsillər tərəfindən zaman-zaman ortaya çıxarılacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə