Millət vəkili: “Bu gün din və dövlət daima bir yerdədirlər" AÇIQLAMA
"Azərbaycan dünya birliyində öz yerini tutmaq, vətəndaşlarına stabil, dəyərli və sosial təminatlı bir həyat yaşatmaq üçün maksimum tədbirlər görür. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dövlətçiliyi uğurla davam etdirilən bir tarixi layihə kimi dünyada hörmətlə qarşılanır. Dövlətçiliyimizin fəaliyyətində vacib məsələlərdən biri insanların dini inancına hörmətlə yanaşılması, müxtəlif mədəniyyətlərin qovuşmasına dəstək verilməsidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.
YAP rəsmisinin sözlərinə görə, dövlətçiliyin ilkin şərtlərindən biri olan dövlət-din münasibətləri Azərbaycanda uğurla qurulub: "Bu gün din və dövlət daima bir yerdədirlər. Onların hər ikisinin fəaliyyəti ümumilikdə vətəndaşın normal həyatını təmin etmək, stabilliyini qorumaq, insanlarda sabaha inam hissini qoruyub yaratmaqdır. Azərbaycan ənənəvi islam dini olmasına baxmayaraq, digər dinlərin də fəaliyyətinə ölkəmizdə bütün şərait yaradılıb. Azərbaycanda dini tolerantlıq bu gün bütün dünyada bir nümunə kimi göstərilir. Bu həm dövlətin, cəmiyyətin, həm də hər bir vətəndaşın böyük bir uğurudur. Digər dinlərin nümayəndələri sərbəst şəkildə dini ayinlərini həyata keçirə bilirlər, onların dini məbədləri fəaliyyət göstərir. Təsadüfi deyil ki, Azərbaycan hökuməti ölkəmizdə fəaliyyət göstərən bütün dini məbədləri dövlət hesabına pulsuz qazla təmin edir. Bu nəinki Azərbaycanda, eləcə də milli mənsubiyyətindən asılı olmayaraq Gürcüstandakı bütün dini məbədlər də Azərbaycan dövləti hesabına qazla təmin edilib".
A.Mirzəzadə bildirib ki, bu gün Azərbaycanda dini ayinlərin yerinə yetirilməsi üçün şərait vardır: "Həmin dini ayinlər dövlət başçısı tərəfindən təbrik edilir. Həmin ayinlərdə dövlət başçısı, dövlət rəsmiləri iştirak edirlər. Bu gün ölkəmizdə sərbəst şəkildə dini təhsil almaq mümkündür. Beləcə ölkəmizdə din müstəvisində qarşıdurma halları yoxdur və bundan sonrada olmayacaq. Çünki Azərbaycan vətəndaşının düşüncə səviyyəsi, daxili mədəniyyəti bunu etməyə heç bir zaman şərait yaratmır. Həmçinin ölkəmiz dinin və mədəniyyətlərin qovuşduğu bir məkan kimi onların dərinləşməsinə, inkişaf etməsinə də dövlət tərəfindən maksimum şərait yaradılır. Bununla bağlı həm xaricdəki İslam-din mərkəzləri, İslam-mədəniyyət mərkəzləri, eyni zamanda digər dinlərlə bağlı olan mərkəzlər də ölkəmizdəki praktikanı yüksək qiymətləndirir. Hesab edirəm ki, bugünkü dövlətçiliyimizin uğur qazanmasında bir çox faktorlar kimi, o cümlədən insanların dini inanclarına hörmətlə yanaşılması və dinin fəaliyyətinə dövlət tərəfindən dəstək verilməsində böyük rolu var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB