"Azərbaycan İran ilə olan sərhədlərini möhkəmləndirməlidir". Bu sözləri SİA-ya açıqlamasında miqrasiya üzrə ekspert Əhməd Şirinov miqrant böhranı ilə bağlı danışarkən deyib.
Onun fikrincə Azərbaycan miqrant axını ilə bağlı ilk öncə İranla olan sərhədlərini möhkəmləndirməlidir: "Miqrantlar Azərbaycana İran vasitəsilə gələ bilər. Buna görə də, Azərbaycan İranla viza rejimini nəzərdən keçirməli və sənədləri gücləndirməlidir. Əgər miqrantlar hansısa konvensiyanın tələblərinə uyğun sərhədi keçmək istəsələr, bu zaman Azərbaycan onları qəbul etməyə borcludur".
Ekspert bildirib ki, Azərbaycanın indiki məqamda miqrant qəbul etməsi düzgün addım olmaz: "Xüsusilə də indiki vəziyyətdə, iqtisadi çətinliklərlə üzləşdiyimiz bir zamanda bu heç də düzgün addım olmazdı".
O vurğulayıb ki, həmin qrupların kimlər tərəfindən idarə olunduğu və tərkibinin kimlərdən ibarət olduğunu bilmədən onları ölkəyə qəbul etmək təhlükəlidir: "Avropa ölkələrinin özü də bu məsələdə bir qədər tərəddüd edir. Miqrantların hamısının həqiqətən də adi vətəndaş olduğunu təyin etmək çox çətindir. Bu şəxslərin içərisində terrorçular da var. Təbii ki, viza olmayan şəxslər onsuzda sərhədi keçə bilməyəcək. Lakin vizası olan şəxslər də müəyyən yoxlanışdan keçməlidir".
Əhməd Şirinov qeyd edib ki, hazırda İtaliya və Yunanıstanda miqrantlarla bağlı yeni bir təcrübədən istifadə olunur. Belə ki, burada miqrantlar üçün xüsusi fulturasiya düşərgələri yaradılıb və orada hər bir qaçqın haqqında araşdırma aparılır: "Bu düşərgələrdə qaçqınlar bir yerə toplanır. Onların üzərində xüsusi xidmət orqanları tərəfindən ciddi araşdırma aparılır. Yalnız bu araşdırmalardan sonra onların kimliyi müəyyən edilə bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB