“Bakının azad edilməsi Azərbaycan tarixinin şərəfli səhifələrindəndir” AÇIQLAMA

“Bakının azad edilməsi Azərbaycan tarixinin şərəfli səhifələrindəndir” AÇIQLAMA

"Bu gün Bakının işğaldan azad edilməsindən 97 il keçir. 1918-ci il, sentyabrın 15-də Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı altında Bakını bolşevik-daşnak birləşmələrinin işğalından azad edib. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu hərbi əməliyyatlarda 1130 şəhid verib. Qafqaz İslam Ordusu tərəfindən Bakının yadelli qüvvələrdən azad edilməsi Azərbaycan tarixinin, Azərbaycan - Türkiyə qardaşlığının ən mühüm və şərəfli səhifələrindən biridir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.

Tarixçi-alim Musa Qasımlı Bakının işğaldan azad olunmasının Azərbaycan istiqlalının elan edilməsi qədər əhəmiyyətli olduğunu deyir: "Noyabrın əvvəllərində Şaumyan başda olmaqla bolşeviklər Bakıda hakimiyyət qursalar da, bu, real gücə malik deyildi. Bolşeviklər anti-Azərbaycan siyasəti yeridirdi. Hakimiyyətlərini möhkəmləndirməkdən ötrü türk-müsəlman əhalisinə qarşı soyqırımlara başlamışdı. Bakı Sovetinin əsas məqsədlərindən biri Bakı neftini əldə saxlamaq idi. Ona görə də Azərbaycan ərazilərində kütləvi qırğınlar törətdilər. 1918-ci ilin martında bu qırğınların pik nöqtəsi başlamışdı".

M.Qasımlı deyib ki, bolşeviklərin silahlı dəstələri Azərbaycanın qərb rayonlarını öz təsirləri altına almaq üçün genişmiqyaslı əməliyyatlar aparır: "Şamaxı istiqamətində irəliləyən bolşevik-daşnaklar yollarına çıxan bütün Azərbaycan kəndlərini çapıb-talayır, dinc əhaliyə zülm edirdilər. Belə bir vəziyyətdə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlir. Qafqaz İslam Ordusu Azərbaycanın yeni təşkil olunan Milli Ordu biçay yaxınlığında bolşevik-daşnak birləşmələrini məğlub edərək Bakıya doğru irəliləyir. Paytaxta doğru bir neçə istiqamətdə hərəkət edən ordu birləşmələri Şamaxı, Kürdəmir və digər yaşayış məntəqələrini işğaldan azad edir. 1918-ci il sentyabrın 15-də isə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edir. Qafqaz İslam Ordusu Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda çoxlu sayda şəhid verir".

Professorun sözlərinə görə, Bakının işğaldan azad edilməsi Azərbaycan dövlətçiliyi üçün ən böyük töhfədir: "Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olur. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bu ordunun şərəfinə təntənəli ziyafət təşkil edir. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilir. Hacı Zeynalabdin Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edir. Tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülür. Şəhər azad ediləndən sonra irqindən, dinindən, dilindən, millətindən asılı olmayaraq bütün insanlara bərabər münasibət bəslənilir. Silahlar yığılır, şəhərdə qayda-qanun bərpa edilir, dükan-bazar işləməyə başlayır".

Bütün xəbərlər Facebook səhifəmizdə