Elçin Mirzəbəyli: "Zombiləri Əli Kərimli idarə edir"

"Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı təşkilat artıq uzun müddətdir ki, fəaliyyətini başa vurub". Bu sözləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

O, AXCP-nin parçalanmasına və Razi Nurullayevin başçılıq etdiyi AXCP-nin üzvlərinin sayının artmasına münasibət bildirib: "Əli Kərimlinin partiyası artıq xeyli müddətdir ki, faktiki fəaliyyət göstərmir. Partiyanın rəyasət heyətindən olan insanların əksəriyyəti uzun müddətdir ki, partiya sıralarını tərk edib. Rayon təşkilatları da bir-neçə şəxsdən ibarətdir. Prinsip etibarilə bu partiya faktiki olaraq öz funksiyasını çoxdan itirib. Bu partiyada yalnız bir-neçə nəfər zombiləşmiş insan fəaliyyət göstərir. Zombiləri də Əli Kərimli idarə edir. Əgər bu insanlar Razi Nurullayevə qoşulmaq qərarına gəliblərsə, bu onların normal iştirak hüququdur".

Onun sözlərinə görə, əslində AXCP adlı təşkilatın fəaliyyəti çoxdan dayandırılmalıdır: "Bu partiyada daxili demokratiyanın olmaması barədə dəfələrlə fikirlər səsləndirilib. Bu tip və buna oxşar faktlar tez-tez meydana gəlir. Bütün bunlar AXCP adlı təşkilatın fəaliyyətinə son qoyulmasına əsas verir. Əgər indi Razi Nurullayev və ətrafındakı insanlar AXCP-nin müstəqil təşkilat kimi qorunub saxlanılmasını arzulayırsa, partiyadaxili demokratiyanı bərpa etmək istəyirlərsə şübhəsiz ki, bu onların normal hüququdur. Lakin mən yenə də düşünürəm ki, AXCP adlı təşkilat artıq uzun müddətdir ki, öz fəaliyyətini başa vurub".

Bütün xəbərlər Facebook səhifəmizdə