Politoloq: "Miqrant problemi Qərbin səhv siyasətinin nəticəsidir"
"ABŞ-ın Yaxın Şərqdə demokratiya axtarışı Avropada demokratiyanı məhdudlaşdırmağa başlayıb". SİA-nın xəbərinə görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərq regionuna demokratiya yürüşü Avropada güclü miqrant axını yaradıb: "Bu miqrant axını Aİ-nin Şengen vizası rejimində dəyişiklik yarada bilər. Şengen vizası sərbəst yerləşmə azadlığının ən yüksək təşəkkülüdür. Sərbəst yerdəyişmə azadlığı isə demokratiyanın ən vacib təkmil tərkib hissələrindən biridir. Beləliklə, Liviya, Suriya, İraq və digər Yaxın Şərq ölkələrindən gələn miqrant axınları Avropanı demokratik məhdudiyyətlər tətbiq etməyə vadar edə bilər. Diqqət çəkən məqam ondadır ki, indi miqrant axının mənbəyi olan əsas ölkələr vaxtı ilə Qərbin demokratikləşdirmək istədiyi ölkələrdir. Liviyanı demokratikləşdirmək istəyən Qərb, nəticədə özü demokratiyadan geri çəkilməyə məcbur olur. Qərb bu gün Liviya, Suriya, İraq və Əfqanıstanda yaranan problemlərin, o cümlədən miqrant axının mənbəyini özləri olduğunu etiraf etmir və bu istiqamətdəki dağıdıcı siyasətlərinə davam edirlər. Suriyanın prezidenti Bəşər Əsədə qarşı münasibətləri bunu aydın göstərir".
M.Əhmədoğlu bildirib ki, Qərb səhv siyasətinin nəticəsi Ukraynada da ürəkaçan olmadı: "Ukrayna rəhbərliyi Qərbin münasibətindən məyus olsa da hələ ki, bunu gizlətməyi bacarır. Ukrayna rəhbərliyinin ortalığa qoyduğu və ya itirdiyi dəyərlər çox böyükdür. Faktiki olaraq eyni millət və din daşıyıcısı olan Ukrayna və rus xalqları bu gün düşmən vəziyyətindədirlər. Bunu prezident P.Poroşenko aşkar şəkildə bəyan etdi. P.Poroşenkonun Rus və Ukrayna xalqlarının düşmən olması barədə dediyi fikirləri ucuz siyasətdən başqa bir şey deyil. Ukrayna rəhbərliyi ucuz və ya bahalı olmasından asılı olmayaraq siyasəti də uduzublar. ABŞ prezidenti B.Obama Ukraynaya Rusiya ilə hərbi vəziyyəti gərginləşdirməməyi məsləhət bildi. Faktiki bu Rusiya ilə müharibə etməyi Ukraynaya qadağa etmək demək idi. Müharibədə Ukraynanın Rusiyaya qalib gəlmək şansı sıfırdır. Amma Ukrayna rəhbərliyi belə ümid edirdi ki, Qərbin əli ilə Rusiyanı hərbi məğlubiyyətə düçar edə biləcək. İndi Qərb nəinki Rusiya ilə müharibədən çəkinir, hətta Ukraynanı Rusiya ilə müharibədən də çəkindirir. Faktiki olaraq Krımsız Ukrayna Qərbdə qəbul edilməyə başlanmışdır. Krımsız Ukraynanın qəbul edilməsində əsas faktor Rusiyanın Donbasla bağlı ehtiraslarından geri çəkilməsidir. "Novorossiya" termini çoxdandır işləmir, RF-in fikrincə Donbas bufer zona kimi xüsusi statusla Ukraynanın tərkibində qalmalıdır. ABŞ başda olmaqla Qərb RF-in bu variantını qəbul edir.
Qərb Ukraynaya tutduğu iradları artırır. Bu həm korrupsiya həm demokratik inkişaf həm də hərbi vəziyyətin gərginləşdirilməsi mövzularına aiddir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB