Yeni Azərbaycan Partiyasının (YAP) Beyləqan rayon təşkilatının Seçki Qərargahında noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərində qərargah üzvləri və YAP tərəfindən irəli sürülmüş namizədlərin xeyrinə imza toplayacaq partiya fəallarına treninq keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Beyləqan rayon təşkilatının və Seçki Qərargahının sədri Rəfail Pəsiyev əvvəlcə Milli Məclisə seçkilərə hazırlıqla bağlı YAP tərəfindən görülən işlər haqqında məlumat verib.
O, qeyd edib ki, avqustun 20-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şirvan bölgəsi üzrə rayon şöbələrinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar birgə müşavirəsi keçirilib. Şirvan şəhərində keçirilən müşavirədə parlament seçkilərinə hazırlıq işləri barədə ümumi məsələlər müzakirə edilib.
Müşavirədə ötən dövr ərzində görülmüş işlər haqqında məlumat verilib, qarşıda duran vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən bəhs edilibdir. Müşavirədə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov noyabrın 1-də ölkəmizdə Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıbdır. Əli Əhmədov vurğulayıb ki, YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların, nəhəng quruculuq işlərinin uğurlu nəticələri, yekunda isə Azərbaycan vətəndaşının günü-gündən yüksələn sosial durumu, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın dinamik inkişafı, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması və s. partiyamızın qələbəsini şərtləndirən əsas amillərdəndir. Tədbirin sonunda rayon təşkilatının sədri R.Pəsiyev imza toplayacaq partiya fəallarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirərək qeyd edib ki, bütün digər seçkilərdə olduğu kimi, bu dəfə də ən qısa vaxtda və müvafiq sayda imzalar toplanaraq təhvil verilməlidir. Bu sahədə YAP-ın üzvlərinin zəngin təcrübəsinin olduğunu da deyən qərargah sədri imzatoplama posesində daha məsuliyyətli, obyektiv olmalarını tövsiyyə edib və YAP tərəfindən isə imza toplayacaq şəxslərin istifadə etməsi üçün kitabçalar hazırlanıb: "Bunlar, bir növ, imza toplayacaq fəallar üçün yaddaş kitabçalarıdır. Qanunvericilikdə və MSK-nın təlimatlarında nəzərdə tutulan məsələlər orada öz əksini tapıb. Bu treninqin keçirilməsində məqsəd də bu məsələləri diqqətə çatdırmaq və onlara əməl etməkdir".
Daha sonra tədbirdə müvafiq müzakirələr aparılıb və imza toplayacaq fəalların sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB