Millət vəkili:“Bu, AŞPA-nın qətnamələrini inkar etməsi anlamına gəlir” MÜNASİBƏT

Millət vəkili:“Bu, AŞPA-nın qətnamələrini inkar etməsi anlamına gəlir” MÜNASİBƏT

"AŞPA-nın komitə iclasında sənəddə yer alan Dağlıq Qarabağla bağlı dəyişikliyin edilməsi bizim üçün bu sənədin qeyri-obyektiv, Azərbaycana qarşı olduğunu sübut edən əsas faktorlardan biri oldu". Bu fikirləri SİA-ya Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun alt komitəsinin sədri, Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçi və "Zorakılıqdan azad Qadın" parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova AŞPA-nın yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinskinin hazırladıqları "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı 13801 saylı qətnamədə bəzi fikirlərin çıxardılmasına münasibətini bildirərkən deyib.

Sahibə Qafarova qeyd edib ki, bu addım AŞPA-nın özünün öz sənəd və qətnamələrini inkar etməsi anlamına gəlir: "Cəmi bir neçə il bundan öncə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı qətnamə qəbul edən AŞPA bu gün digər bir sənəddə bu ifadəni dəyişdirir. Görəsən nə baş verir? O zamandan bəri nə dəiyşib? Bəyəm işğal faktı aradan qalxıb? Əlbəttə, xeyr. Bəs onda bu gün belə bir addımın atılmasını şərtləndirən məqam nədən ibarətdir? Hər halda konyuktura. Bu isə onu deməyə əsas verir ki, AŞPA-dakı bəzi parlamentarilər üçün konyuktur maraqlar beynəlxalq ədalət prinsiplərindən çox-çox əhəmiyyətlidir. Həmin parlamentarilərin hazırladıqları sənədlərin isə heç bir hüquqi qüvvəsi ola bilməz".

Millət vəkili həmçinin onu da qeyd edib ki, buradakı 3-5 nəfərin hüquqlarının müdafiəsi ilə məşğul olan avropalı parlamentarilər bir milyon Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmır: "Bu nə anlama gəlir? Əgər, söhbət kiminsə hüquqlarının qorunmasından gedirsə, Azərbaycanın 25 ildir torpaqları Ermənistan dövləti tərəfindən işğal olunub və həmin rayonlarımızdan bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Amma AŞPA-dakı bəzi qüvvələr burada ölkə qanunlarını pozduğu üçün qanuni məsuliyyətə cəlb olunan adamlara görə narahatçılıq keçirirlər?".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə