Sədaqət Vəliyeva: “Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları heç bir nəticə verməyəcək” AÇIQLAMA
"Bu gün dünyanın idman sevərlərinin diqqəti Azərbaycana yönəlib və xarici vətəndaşların böyük əksəriyyəti birinci Avropa Oyunlarını canlı izləmək üçün ölkəmizə gəlməkdədirlər. Eyni zamanda, xarici mətbuat orqanlarında ilk Avropa Oyunlarının möhtəşəmliyilə bağlı materialların dərc edilməsi, sujetlərin nümayişi bir daha ölkəmizin beynəlxalq miqyasda nüfuzu olan idman dövləti kimi diqqət mərkəzinə gəlir. Lakin bütün bunların fonunda nə qədər xoş olmasa da, müəyyən dərəcədə görünən anti-Azərbaycan kampaniyasını da sezirik". Bu fikirləri Sia-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, adları və fəaliyyəti hər kəsə gün kimi bəlli olan bu anti-Azərbaycan qüvvələri artıq uzun müddətdir ölkəmizə qarşı böhtan və şantaj kampaniyası aparmaqla Azərbaycanın demokratik inkişafına kölgə salmağa, hətta, birinci Avropa Oyunlarının əhəmiyyətini azaltmağa cəhd edirlər: "Bu ssenarini biz "Eurovision-2012" ərəfəsində də görmüşdük. Amma bu da həqiqətdir ki, anti-Azərbaycan qüvvələrinin bütün cəhdləri boşa çıxdı və beynəlxalq mahnı müsabiqəsi də yüksək səviyyədə baş tutdu. Bu konteksdə düşünürəm ki, birinci Avropa Oyunları da möhtəşəm şəkildə keçiriləcək".
"Bu deyilənlərin fonunda xüsusi bir məqama toxunmaq istəyirəm" – deyə qeyd edən Sədaqət Vəliyeva söyləyib ki, Azərbaycana qarşı aparılan, heç bir zaman dayandırılmayan, hətta, mühüm proseslər zamanı daha da fəallaşan qarayaxma kampaniyaları xalqımız və hakimiyyət üçün bir sınaqdır: "Bu cür sınaqlar bizim tariximizdə çox olub. 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev xalqla birlikdə 1994 və 1995-ci illərdə hakimiyyət çevrilişlərinin qarşısını alıb və o gündən bu günə xalq-iqtidar birliyi daha da möhkəmlənib. Bu səbəbdən də, əminliklə deyə bilərəm ki, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları heç bir nəticə verməyəcək. Bu gün bizə lazım olan əsas silah elə bizim birliyimizdir. Hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə ölkəmizin dinamik inkişafına əngəl olmağa çalışanlara layiqli cavab verməlidir. Soyuq düşüncə ilə hadisələrin gedişatını izləməli və lazımi anda cavab verməliyik. Bu işdə mətbuat da üzərinə düşən vəzifəni yerinə yetirməli, ictimai düşüncənin zəhərlənməsinə yol açan dezinformasiyaların yayılmasına imkan verməməlidir. Məhz, bu yolla birliyimizi daha da möhkəmləndirməli və Azərbaycanımızın inkişafının davamlı olmasını təmin etməliyik".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB