Baş Assambleya və Direktorlar Şurasının 14-cü toplantısı keçirilib YENİLƏNİB-FOTOLAR
Bu gün Bakıda Qara Dəniz və Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Baş Assambleyasının və Direktorlar Şurasının 14-cü toplantısı keçirilib. SİA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov, Fondun vitse-prezidenti Çingiz Abdullayev, xarici qonaqlar və KİV nümayəndələri iştirak edib.
Əvvəlcə qonaqlar Binəqədi rayonunda baş verən yanğın nəticəsində həlak olan insanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
QDXDBF-nin prezidenti İsmayıl Səfi toplantının keçirilməsi ilə bağlı iştirakçıları təbrik edib. Daha sonra o məruzə ilə çıxış edib.
XİN başçısı Elmar Məmmədyarov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb: "Biz sizləri Azərbaycanda görməkdən qürur duyuruq. Ölkəmizdə xristianlar, müsəlmanlar bir yerdə yaşayırlar. Biz istəmərik ki, ölkəmizdə din zəmnində qarşıdurmalar olsun. Azərbaycanda ilk dəfə olaraq I Avropa Oyunları keçiriləcək. Xeyli sayda idmançı ölkəmizə gələcək. Bu dövlətimizin uğuru sayılır. Amma çox təəssüf ki, hələ də 20 faiz torpaqlarımız işğal altındandır. Ermənistan özünün qeyri-konstruktiv mövqeyindən əl çəkmir. 9 milyon əhalimizin 1 milyonu qaçqın və məcburi köçkün şəraitində yaşayır. Bu isə ölkəmizdə iqtisadiyyata, sosial vəziyyətə müəyyən mənada mənfi təsir göstərir".
Nazir bildirib ki, münaqişə mütləq şəkildə nizamlanacaq: "Həll olunmayan münaqişələr yoxdur. Danışıqlarda iştirak edən insan kimi deyə bilərəm ki, nikbinlik üçün səbəblər var. Biz münaqişəni hər şeyə rəğmən, həll edəcəyik. Dağlıq Qarabağ münaqişəsi dondurulmuş vəziyyətdə qala bilməz. Ermənistanın indiki rəhbərliyinin uzaqgörən olmayan siyasəti nəticəsində ölkə Cənubi Qafqazda həyata keçirilən bütün ciddi layihələrdən kənarda qalıb".
Elmar Məmmədyarov bildirib ki, postsovet ölkələri Avropa İttifaqı (Aİ) ilə müxtəlif əməkdaşlıq formatlarını seçiblər: "Moldova, Gürcüstan və Ukrayna Aİ ilə assosiativ saziş çərçivəsində əməkdaşlıq etməyi üstün tutublar. Belarus və Ermənistan lokomotivi Rusiya olan Avrasiya İqtisadi İttifaqını seçib, Azərbaycan isə Aİ ilə münasibətlərini ikirtərəfli,qarşılıqlı formatda qurur. Bu format münasibətlərin ən rahat formatıdır. Azərbaycan Aİ ilə münasibətlərinə ikitərəfli əlaqələr prizmasından baxır".
Sonra Fondun vitse-prezidenti, yazıçı Çingiz Abdullayev qurumun prezidenti seçilib. Bildirilib ki, rotasiya prinsipi əsasında bu vəzifə İsmayıl Safidən (Türkiyə) Çingiz Abdullayevə (Azərbaycan) təhvil verilir.
Fondun yeni prezidenti Çingiz Abdullayev isə çıxış edərək ona göstərilən etimada görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Sonda QDXDBF "Bakı Bəyannaməsi" müzakirə edilib və qəbul edilib. Eləcə də QDXDBF Direktorlar Şurasının 2016-cı il üçün planlaşdırılmış növbəti iclasının tarixi və yeri barədə qərar qəbul edilib. Bununla belə, Baş Assambleyanın 14-cü toplantısının qərarlarının imzalanması mərasimi olub.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB