Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrlərinin iştirakı ilə iqtidar-müxalifət görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak ediblər.
Müxalifət tərəfdən isə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasınının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəylik Partiyasının sədri Sabir Rüstəmxanlı, Ədalət Partiyasının rəhbəri İlyas İsmayılov və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qatılıb.
Görüşdə müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri, "Bakı 2015" l Avropa Oyunları və digər məsələlər müzakirə olunub.
Ə.Həsənov giriş nitqi ilə çıxış edərək deyib ki, biz siyasi partiyalarla hakimiyyət nümayəndələrinin ənənəvi növbəti görüşünü keçiririk: "Son görüşdən təxminən 3 aya yaxın bir vaxt keçib. Azərbaycan cəmiyyətində baş verən və ümummilli mahiyyət kəsb edən məsələlər gündəmə gəlirsə, əlbəttə orada hakimiyyətlə partiya rəhbərlərinin görüşünə ehtiyac yaranır. Bu məsələlər ətrafında fikir mübadiləsi aparmaq, siyasi partiyaların ideyalarını, fikirlərini və bu məsələlər barədə təkliflərini dinləmək və s. bu dialoqun əsas mahiyyətindən xəbər verir".
PA rəsmisi bildirib ki, bu kimi görüşlərdə çalışılır ki, dövlət idarəçiliyində Azərbaycan dövlətinin maraqlarının daxildə, xaricdə təmin olunması, ölkəmizin xarici siyasətinin formalaşmasında bizim oppenentlərinin də rəyləri nəzərə alınsın: "Bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, bu Oyunlara daxildə və xaricdə münasibətdir. Hesab edirik ki, cəmiyyətin siyasi institutları da bu məsələnin müzakirəsindən kənarda qalmamalıdır".
Ə. Həsənov deyib ki, biz çalışırıq ki, siyasi partiya rəhbərlərini maraqlandıran məsələləri bu görüşlərdə müzakirə edək: "Burada fərqli məsələlər ola bilər".
PA rəsmisi görüşdə siyasi partiyaları maraqlandıran cari məsələlərin də müzakirəyə çıxarılmasını təklif edib: "Siyasi partiyalar görüşün gedişində konkret məsələlərin müzakirəsini təklif edə bilər. Biz, ümumiyyətlə, gələcək görüşlərdə cari məsələləri ikinci məsələ kimi gündəliyə salmağı təklif edirik".
Sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib.
Daha sonra görüşün yekunu barədə məlumat verən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, ötən dəfə keçirilən görüşlərdən fərqli olaraq bu dəfə hamının razılığı ilə gündəmə müzakirə olunan əsas məsələ ilə bağlı bərabər, eyni zamandan cari məsələləri daxil etdik: "Cari məsələləri daxil etməklə partiya rəhbərlərinə imkan yaradıldı ki, təkcə müzakirəyə çıxarılan məsələ haqqında fikirlərini bildirməsinlər, o cümlədən onları və onların təmsil etdiyi siyasi tərəfdaşlarını narahat edən, Azərbaycan cəmiyyətində yaşanan digər məsələləri gündəmə çıxarıb hakimiyyət nümayəndəsi ilə müzakirə etmək imkanına malik olsunlar. Təbii ki, belə də oldu. Bildiyiniz kimi bu gün gündəmin əsas məsələsi I Avropa Oyunlarının keçirilməsinin təşkili və digər məsələlər idisə, cari məsələlərdə bir neçə məsələləri qaldırdılar. Xüsusən siyasi partiya sədrlərinin bəziləri ötən görüşlərdə müzakirə etdikləri məsələləri təkar qaldırdılar. Onlar birinci və ikinci görüşdə bir qrup məhbusun azad olunmasını gündəmə gətirmişdilər. Həmin məsələni onlar yenidən müzakirə mövzusu kimi irəli sürdülər. Onlar ölkə başçısı cənab İlham Əliyevə bu məhbusların əfvi ilə bağlı müraciətlərini təkrarən çatdırmağı xahiş etdilər. Azərbaycan cəmiyyətini və siyasi partiyaları narahat edən digər məsələlər – ictimai-siyasi proseslərdə iştirak, partiyaların maddi təminat, qərargah məsələsi, sosial problemlərin Azərbaycan cəmiyyətindəki bugünkü müzakirə məsələləri, bank kreditlərdən tutmuş siyasi plüralizm məsələlərinə qədər çox mühüm məsələlər qaldırıldı. Onların bəzilərinə dərhal münasibət bildirildi, bəziləri ətrafında isə sonrakı görüşlərdə fikir mübadiləsinin aparılması qərara alındı".
Ə.Həsənov diqqətə çatdırıb ki, müzakirəyə çıxarılan əsas məsələ ilə bağlı əksər partiya sədrlərinin fikri ondan ibarət oldu ki, I Avropa Oyunları Azərbaycan dövlətinə, xalqına lazımdır: "Azərbaycan dövlətinin, xalqının keçirdiyi bu tədbir ona imkan verir ki, mədəniyyətini, mövcud milli-mənəvi dəyərlərini, xalqın yaşam tərzini, ölkəmizdə tolerantlığı, ictimai-siyasi vəziyyətini, regiondakı mövqelərini və s. dünyaya çatdırmaq istədiyi mesajları bu idman yarışlarından istifadə edib, Bakıda iştirak edəcək nümayəndələrə, jurnalistlərə və onların vasitəsilə dünya ictimaiyyətinə çatdırılsın. O cümlədən ümumi qərara gəlindi ki, Avropa Oyunları Azərbaycan dövlətinə həmçinin bir imkan verdi ki, özünün idman strukturlarını genişləndirsin və idman resurslarını artırsın. Bir idman ölkəsi kimi lazımi infrastruktur siyasətini həyata keçirsin və gələcəkdə daha böyük olimpiya oyunlarına ev sahibliyi etmək iddiasını ortaya qoysun. O da ümumi şəkildə ifadə olundu ki, bu yarışlar Azərbaycan üçün bir vasitədir. Vasitə isə o istiqamətə yönəldilməlidir ki, Azərbaycanın problemlərini, reallıqlarını dünyaya çatdıraq. Bizim əleyhdarlarımızın neçə illərdir apardığı anti-Azərbaycan təbliğatının formalaşdırdığı trafaretləri sındıraq. Beləcə, ölkəmizin real gerçəkliklərini, xalqın real mədəniyyətini, tarixini, sivilzasiya dəyərlərini dünyaya çatdıraq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB