DGK-da andiçmə mərasimi keçirilib YENİLƏNİB

DGK-da andiçmə mərasimi keçirilib YENİLƏNİB

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) yeni işə qəbul olunan əməkdaşlarının andiçmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən DGK-nin sədri Aydın Əliyev gömrük orqanlarına işə qəbulla bağlı andiçmə mərasiminin əlamətdar günə təsadüf etdiyini söyləyib. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə toxunan A.Əliyev onun bütün ömrünü Azərbaycan dövlətinin qurulması, qorunması və inkişafına sərf etdiyini bildirib. O, ölkədə gömrük xidmətinin formalaşmasında Heydər Əliyevin rolundan da bəhs edib: "Bildiyiniz kimi, mayın 10-da Ümummilli liderimiz Heydər Əliyevin doğum günüdür. Azərbaycan xalqının xilaskarı, dövlətimizin qurucusunun anadan olmasının 92-ci ildönümü Respublikanın hər tərəfində qeyd olunur. Siz belə bir gündə and içdiyinizdən öz üzərinizə düşən məsuliyyəti daha aydın dərk etməlisiniz. İnanırıq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi Azərbaycan Respublikası Konstitusiyasına və qanunvericiliyinə sözsüz əməl edəcək, andınıza sadiq qalacaq, üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz".

Daha sonra komitədə təşkil olunan təntənəli mərasimdə 30 yeni əməkdaş gömrük orqanlarında xidmətə başlamaq üçün and içib.

Sonra mərasim Azərbaycan Dövlət Gömrük Komitəsinin akt zalında davam etdirilib. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

DGK-nin sədri Aydın Əliyev mərasimi giriş sözü ilə açaraq deyib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Gömrük Xidmətinin inkişafına xüsusi diqqət yetirib: "Azərbaycanın büdcəsinin formalaşmasında, iqtisadi cinayətkarlıqla mübarizədə, beynəlxalq əlaqələrin qurulmasında xüsusi rolu olan gömrük xidmətinin bu vəziyyəti məhz Ulu Öndərin diqqəti nəticəsində qəbul olunmuş qərarlarla bağlıdır".

Millət vəkili Elmira Axundova isə diqqətə çatdırıb ki, Ulu Öndərlə bağlı nə qədər kitablar yazılsa da, azdır və onun şəxsiyyəti zaman-zaman öyrəniləcək: "İnsanlar zaman keçdikcə Heydər Əliyevin Azərbaycan üçün etdiklərini, onun ideyalarının əhəmiyyətini daha yaxşı dərk edəcəklər".

O, Ulu Öndərin ideyalarının Azərbaycan üçün önəmli olduğunu və bu ideyaların indi də ölkəmizin inkişafına, xalqımızın rifah halının yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Sonda isə bu ilin yanvar ayında dövlət başçısı cənab İlham Əliyev tərəfindən təltif olunmuş gömrük əməkdaşlarına orden və medallar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə