"Avropa və dünyanın idman tarixində çox mühüm yeri olacaq ilk Avropa oyunlarına ev sahibliyi edəcəyimizə sayılı günlər qalıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunları Təşkilat Komitəsində çalışan peşəkar komandanın çox qısa bir müddətdə öz işini yekunlaşdırması bizim uğrumuzdur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sahibə Qafarova deyib.
Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, belə bir ərəfədə bəzi siyasi dairələr ədalətsiz və qeyri obyektiv şəkildə olimpiya oyunlarını siyasiləşdirməyə, ölkəmizə qarşı həqiqətdən uzaq ittihamlar səsləndirməyə çalışırlar: " Biz bu kampaniyanın daha əvvəllər də ölkəmizdə "Eurovision" mahnı müsabiqəsinin keçirildiyi vaxtda şahidi olmuşuq. Azərbaycan xalqı bu kampaniyanın əsas məqsədinin nədən ibarət olduğunu yaxşı dərk edir. Bu, ilk növbədə onunla əlaqədardır ki, Azərbaycan öz milli maraqlarına uyğun tam müstəqil siyasət həyata keçirir, heç bir qüvvənin və ya ölkənin iradəsinə baş əymir. Bu isə həm də ona dəlalət edir ki, müxtəlif təzyiq qruplarının, siyasi və iqtisadi dairələrin, qurumların Azərbaycanda bizim milli maraqlarımıza zidd olan özəl maraqları təmin olunmur və bu da həmin dairələrdə qıcıq, qisasçılıq hisslərinin yaranmasına və bunun büruzə verilməsinə gətirib çıxarır. Eyni zamanda, bu "qara piar" kampaniyası Qərbdə islamofob meyllərin güclənməsi, İslama və müsəlman ölkələrinə qarşı ayrı-seçkilik, daxili işlərə kobud şəkildə müdaxilə, işğalçılıq siyasəti həyata keçirilməsi niyyətinə söykənir. Burada ermənipərəst dairələrin, erməni disaporunun maliyyələşdirdiyi siyasətçilərin də fəallığını xüsusilə qeyd edə bilərik".
Sahibə Qafarova son olaraq onu da vurğulayıb ki, ölkəmizə qarşı bu cür təzyiqlər qəbul olunmazdır: " İdman, olimpiya hərəkatını belə ucuz siyasi oyunlara alət etmək cəhdləri cəmiyyətimiz tərəfindən qətiyyətlə pislənilir. Kimin, nəyi, necə deməsindən asılı olmayaraq, Azərbaycan ilk Avropa Oyunlarını ən yüksək standartlara uyğun təşkil etməklə, bir daha bütün Avropa ictimaiyyətinə öz dəyərlərini təqdim edəcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB