“90-cı illərin illüziyaları dünyanın sərt reallıqları ilə üz-üzə qalıb”

Zahid Oruc: “Azərbaycan qadını yüz elə “Milli Şura” üzvlərinə dəyər”
“90-cı illərin illüziyaları dünyanın sərt reallıqları ilə üz-üzə qalıb”

"Mühüm kəşfiyyat, beyin mərkəzlərinin dəyərləndirmələrindən, hazırlıqlarından keçmiş həmin sənəddən də göründüyü kimi, bu təkcə qarşıdakı iki aylıq bir dönəm üçün deyil, iki illik, bitkin tərtib olunmuş, konkret vəzifə bölgüləri aparılmış bir konsepsiyadır. Cəmiyyətə çıxmış hissəsi ilə yanaşı, heç şübhəsiz dövlətin arsenalında onun digər tərəfləri də var. Bu, əlbəttə hər kəsi narahat edir". Bunu SİA-ya millət vəkili Zahid Oruc deyib.

Millət vəkili bildirib ki, "Milli Şura"nın ABŞ Dövlət katibi Con Kerrinin planında adı çəkilsə də, müttəfiq, ehtiyat qüvvə, hakimiyyətin alternativi anlamında götürülməyib: "Bu anti-milli qüvvə onlara təzyiq, təsir aləti kimi sərfəlidir. Amma beynəlxalq praktika onu sübut edir ki, belə qüvvələr daim yarı yolda qoyularaq atılıblar. Ona görə, hazırkı dövrdə ən önəmli məsələ bununla bağlı ABŞ-da Azərbaycanın dostları olan qüvvələri bu prosesə qoşmaq, onları məsələ ilə bağlı məlumatlandırmaqdır. ABŞ-ın arsenalı, resursları böyükdür. Lakin bu, həm də o deməkdir ki, orada olan siyasi qüvvələr, təşkilatlar, lobbi mərkəzləri və.s çoxdur. ABŞ o qədər böyükdür ki, onun içərisindən kifayət qədər tərəfdarlar tapmaq, Azərbaycanın ABŞ-la münasibətlərinin, xüsusilə 2008-ci ilə qədərki dövrdə, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin zəhməti ilə regional basqılardan keçməklə qurulmuş o əməkdaşlığı davam etdirməyə yönələcəkdir".

Onun sözlərinə görə, "Milli Şura"nın daxildə hər zaman yalnız kiçik layihələrə yaradığını görənlər isə ona perspektiv bir hakimiyyət qüvvəsi kimi yanaşmırlar və yanaşmayacaqlar: "Nəzərə almaq lazımdır ki, həmin təşkilatın perspektivini, gələcəyini görməyən onlarla anti-hakimiyyət mövqeli şəxs düşərgəsini dəyişib. Yəni, bu qüvvə cazibədarlığını itirib. Heç kəs onlara investisiya qoymur. Çox kiçik bir dövr, mövsümi layihələrdə onların adı keçə bilər. Bu da bir nəticədir. Bir neçə gün öncə ölkə KİV-lərindən birində küçələri təmizləyən Azərbaycan qadını ilə müsahibə dərc olunmuşdu. Bu xanım özünün içdən gələn, sadə, təsirsiz, amma real mövqeyi ilə demişdi ki, o arzulayır ki, I Avropa Oyunlarında Azərbaycan bayrağı ən yüksəkdə dalğalansın. Sadə bir işdə çalışan qadının Azərbaycan sevgisinə, milli düşüncəsinə, bir də böyük salonlardan, keçmişdə mühüm vəzifələrdən, hətta hakimiyyət qüvvəsinə çevrilməkdən keçən bu adamlarına ədəbinə, ərkanına, marağına, mənafe uğrunda çarpışmasına baxın! Mənim gözümdə küçələri təmizləyən həmin Azərbaycan qadını yüz elə "Milli Şura" üzvlərinə dəyər".

Z. Oruc deyib ki, "Mill Şura"nın yaranması fikri səfirliklərin alt qurumlarında, onlara yaxın olan beyin mərkəzlərində hazırlanır, konkret şəxslərlə bağlı məsələlər oradan verilir: "Bu həm də daha çox beynəlxalq qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə uzlaşdırılır. Ancaq biz məxfi qrifdən kənar bu məsələni cəmiyyətə dəfələrlə söyləmişik ki, NED, "Amnesty İnternational", "Human Rights Whatch", "Freedom House" və.s kimi qurumlar, cazibədar abreviaturalar Mərkəzi Kəşfiyyat İdarəsinin strukturlarının, xəfiyyə orqanlarının qollarıdır. Realda bu, belədir. 2004-cü ildə Corc Buş Konqresə müraciəti zamanı söyləmişdi ki, hərbi büdcədən daha çox həmin təşkilatlara yardımlar artırılmalıdır. Çünki, onların demokratiyanı irəlilətmə planı dövlətin mənafeyinə uyğundur və bu ideologiyanın arxasında tanksız, topsuz o ölkələrə yerimək mümkündür",

Millət vəkili deyib ki, ABŞ-ın Azərbaycanda əvvəlki cazibədarlığı itirməsi, Qərbin maraqlarına daha çox zərbə vurur, nəinki Azərbaycanın: "Bu gün amerikapərəstlik dəbdə deyil. Ona görə yox ki, idealogiyalar aşağılanıb, ölüblər. Ona görə ki, 90-cı illərin illuziyaları dünyanın sərt gerçəkliyi ilə üz-üzə qaldı. Bu gün insanlar görürlər ki, onların Qərblə yaxşı tərəfdaş olmaq siyasətindən necə faydalanırlar. Bu gün ABŞ sanki Qafqazdan çıxıb gedib. Yəni, 2008-ci ilə qədər bu regionda iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinin demək olar ki, hamısı Avropa ölkələri ilə razılaşdırılırdı. Mixail Saakaşvilidən sonra Gürcüstanda da mövqelərini itirən Qərb, Barak Obama dönəmində prioritetlərini o dərəcədə qarışdırdı ki, çox ağır bir geopolitik dövr başlandı. Ən önəmli məsələ budur ki, "Milli Şura" və ya qeyrisi ABŞ-ın maraqlarını təmin edə bilməyəcəyi, bu hakimiyyətin alternativi hər hansı siyasi qüvvə yox, məhz xaosdur mövqeyini bilən əsas fikir mərkəzləri necə düşünürlər? Azərbaycanda öz mövqelərini zəiflətməklə, bizim ölkənin qüvvəsini azaltmaqla Qafqazda əsas söz sahibinə çevrilə bilərlər? Bu, qeyri-mümkündür. Azərbaycanın zəifləməsi heç bir halda Qərbin maraqlarına uyğun ola bilməz. Söhbət normal maraqlardan gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə