Politoloq: “Con Kerri vəzifəsi altında maskalanıb”

Mübariz Əhmədoğlu: “Avropa ictimaiyyətində Azərbaycanın Cənubi Qafqazın lideri olmasının qəbul edilməsi ABŞ-ın maraqlarına uyğun deyil”
Politoloq: “Con Kerri vəzifəsi altında maskalanıb”

"ABŞ-dakı ermənipərəstlər müxtəlif variantlarla Azərbaycana qarşı həmişə mübarizə aparıblar. Yəni, onlar həm Azərbaycanın daxili işi, həm regional, həm də beynəlxalq aləmdə güclənməsinə qarşı neqativ mövqedə olublar. ABŞ Dövlət Katibi Con Kerri isə senator olanda ABŞ-dakı ermənipərəst qüvvələrin bu ölkə tərəfindən kuratoru idi". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu anti-Azərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri şərh edərkən deyib.

M. Əhədoğlunun sözlərinə görə, Con Kerri ABŞ Dövlət Katibi olduqdan sonra vəzifəsi tələb etdi ki, o müəyyən qədər maskalansın: "Yəni, Con Kerri vəzifəsi altında maskalanıb. Bir neçə fakta diqqət edək. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Vaşinqtonda görüşən ABŞ Dövlət Katibi Con Kerri ona bildirdi ki, "olarmı Azərbaycan silahlanmaya pul ayırmasın və bu pulları region xalqlarının rifahına yönəltsin"? Bu təklifə Elmar Məmmədyarov razılıq verdi. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra isə Con Kerri öz verdiyi təklifdən imtina etdi. Bundan başqa NATO-nun sonuncu sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edən Con Kerri Ermənistan prezidentinə xüsusi münasibəti ilə seçildi. Bütün bunlar göstərir ki, onlar ermənipərəstdir. İndi isə ermənilər onlardan tələb edirlər ki, Azərbaycanın güclənməsinin qarşısını alsınlar".

"I Avropa Oyunları Azərbaycanı sıravi avropalıların şüuruna çatdıran mexanizmdir"

Politoloq bildirib ki, bu gün Azərbaycan cəmiyyətində bəzi adamlar I Avropa Oyunlarının mahiyyətinə varmırlar: "Dünyada neftin qiymətlərinin aşağı düşməsi ilə bağlı neft istehsal edən ölkələrdə yaranan maliyyə çətinlikləri Azərbaycandan da yan keçməyib. Ona görə, bəziləri bu tarixi hadisəni bu gün ki vəziyyətlə ölçür. Amma, I Avropa Oyunları Azərbaycanı sıravi avropalıların şüuruna çatdıran mexanizmdir. Bu isə Azərbaycanın Cənubi Qafqazın lideri olmasının şəksiz qəbul olunması deməkdir".

"Con Kerri və ABŞ ermənipərəstlərin sözü ilə Cənubi Qafqaz regionunu üç bərabər dövlətdən ibarət görmək istəyir"

"Avropa ictimaiyyətində Azərbaycanın Cənubi Qafqazın lideri olmasının qəbulu edilməsi ABŞ-ın maraqlarına uyğun deyil. Con Kerri və ABŞ ermənipərəstlərin sözü ilə Cənubi Qafqaz regionunu üç bərabər dövlətdən ibarət görmək istəyir. Buna görə, vaxtı ilə Con Kerri və ABŞ-dakı ermənipərəstlər çalışdı ki, Azərbaycanın neft kəmərlərinin bir şaxəsi Ermənistan ərazisindən keçsin. O, vaxt Con Kerri senator idi və bu məsələni Senatda qaldırdı. Azərbaycan isə bu məsələyə razılıq verdi. Ancaq, tələb etdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş olmalıdır. Buna ermənilər razı olmadığından Azərbaycan neft kəmərlərini Ermənistan ərazisindən keçirmədi. Eyni zamanda ABŞ Azərbaycana təklif etdi ki, Gürcüstana və Ermənistana ucuz qaz, neft versin. Azərbaycan ABŞ-ın bu təklifinin Gürcüstana aid hissəsini yerinə yetirdi. ABŞ-ın bu təklifində məqsəd o idi ki, Azərbaycanın gəlirinin bir qismi Ermənistan və Gürcüstana verilməklə ölkəmizin gəlirliliyi azalsın, Ermənistan və Gürcüstanın gəliri isə artsın. Beləliklə region dövlətləri arasında bərabərlik yaratmağa çalışırdılar. İndi I Avropa Oyunları ABŞ-ın region dövlətləri içərisindəki bərabərçilik ümidini sıfıra endirir. Ona görə, bunlar axıra qədər mübarizə aparacaqlar". – Politoloq bildirib.

M. Əhmədoğlu deyib ki, Con Kerri ABŞ Dövlət Katibi təyin olunsa belə onun bütün ofisləri ermənilərin xeyrinə işləyir: "Ermənilərin ABŞ Dövlət katibinin Con Kerri ilə əlaqəsi var və olacaq. Çünki, bu adamın qarnından erməni çörəyini qaşısan da getməyəcək. Bu həmin Kerridir ki, Ramil Səfərov məsələsində deyirdi ki, Azərbaycanı avtobusun təkəri altına atmaq lazımdır. Bunlar ermənilərin adamıdır. Ermənilər isə Azərbaycanın hər tərəfli inkişafının hər tərəfli düşmənidir və düşməni də olacaq. Ermənilər bir halda Azərbaycanın düşməni olmayacaq ki, onlar bu regiondan rədd olub çıxıb gedəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə