“Human Rights Watch”un bəyanatı bütün prinsiplərə ziddir”

“Human Rights Watch”un bəyanatı bütün prinsiplərə ziddir”

"Bəzi humanitar, insan hüquqları üzrə müdafiə təşkilatları müəyyən edilmiş etik qaydaları, bütövlükdə qanunla müəyyən edilmiş tələbləri pozurlar". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev "Human Rights Watch"un "qanunsuz" saxlanmış şəxslərin azadlığa buraxılmasını tələb edən videorolik yaymasına münasibət bildirərkən deyib.

Ə.Nuriyev qeyd edib ki, belə təşkilatlar məhkəmə istintaqı hələ davam edən şəxslərlə bağlı "dərhal azad edilməlidir" kimi tələb irəli sürürlər: "Bu hallar onların qeydiyyatda olduğu ölkədə belə məhkəmənin fəaliyyətinə qarışmaq kimi qiymətləndirilir. Eyni zamanda bu hallar həmin təşkilatların əllərində rəhbər tutduqları hüququn aliliyi prinsipinə ziddir. Ona görə də hər şeydən əvvəl proseduralar gözlənilməlidir. Yəni, daxili müdafiə vasitələri tükənməlidir ki, onlar bu barədə fikir söyləsinlər. Əgər məsələ istintaq altındadırsa, məhkəmə prosesi davam edirsə, şəxsin barəsində hökm çıxarılmayıbsa və o qüvvəyə minməyibsə, onlarla bağlı hər hansı bir fikir söylənilməsi hüquq prinsiplərinə ziddir."

Ə.Nuriyev deyib ki, onların iddia etdiyi kimi hər hansı bir şəxs ədalətsiz mühakimə olunursa, belə bu həmin şəxsə fayda gətirmir: "Belə tipli bəyanatların verilməsi ona xidmət edir ki, həmin şəxslər daimi həbsxanada qalsınlar. Artıq Azərbaycanda İnsan Haqları üzrə Birgə Qrup fəaliyyətini bərpa olunub. Bu işçi qrup həmişə humanitar əsaslara, qanuna söykənərək çalışır ki, hər hansı şəxs barəsində əgər istintaq müddətində və ya məhkəmə prosesində hər hansı qeyri-qanuni hərəkətlər olursa, müvafiq strukturlara müraciət etsin. Bizim missiyamız hər bir şəxsin azadlığa çıxmasına dəstək verməkdir. Bütün bunlar isə qanun çərçivəsində həll olunmalıdır. Nəinki, belə beynəlxalq təşkilatların tələbləri formasında. Hesab edirəm ki, qanun aliliyinin tətbiq edilməsini digərlərindən tələb edən beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, qanunun aliliyi prinsipini gözləməlidir. Yalnız bu yolla. Təzyiq, təsir və müxtəlif vasitələrlə hər hansı bir şəxsin vəziyyətini yaxşılaşdıra biləcək qərarların qəbul edilməsi mümkünsüzdür".

Fond sədri deyib ki, bəzi beynəlxalq təşkilatların arxasında müəyyən maliyyə-iqtisadi qruplar durur və onların müxtəlif ölkələrdə maraqları təmin olunmadığına görə, belə addımlar atırlar: "Çox təəssüf ki, bir sıra hallarda insan hüquqları müdafiə təşkilatları heç də humanitar yanaşmanı əsas götürmürlər. Onlar çox zaman ayrı-ayrı sifarişləri, iqtisadi və digər maraqları nəzərə alaraq təzyiq göstərməyə çalışırlar. Yəni, onlar bu proseslərdə daha çox təzyiq instrument rolunu oynayırlar. Bunlar isə onların müdafiəsi ilə bağlı bəyanat verdikləri şəxslərə fayda vermir".

Bütün xəbərlər Facebook səhifəmizdə