Novruz milli olduğu dərəcədə də bəşəri bayramdır. O, ilk növbədə təbiətin yenidən doğulmasının, qışdan yaza, qıtlıqdan bolluğa keçməyin bayramıdır. Demək olar ki, hər gün siyasi məsələlərdən danışan siyasilərimiz Novruz təəssüratlarını SİA-ya danışıblar.
AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor, millət vəkili Musa Qasımlı:
- Ölkəmizdə ən yüksək səviyyədə keçirilən Novruz bayramı bizi daha sıx birləşdirir və güclü edir. Bayramı münasibəti ilə hər bir şəxsi təbrik edirəm. Evinizdən sevinc, xeyir və ruzi-bərəkət əskik olmasın.
- Millət vəkili Çingiz Qənizadə:
- Novruz bayramı münasibəti ilə ölkə başçısının iştirak etdiyi tədbirdə də bildirdi ki, Novruz bizim milli sərvətimizdir. Yəni, bu böyük bir şüardır. Novruz qadağan olunan illərdə də Azərbaycan xalqı tərəfindən qorundu, yaşadıldı. Hesab edirəm ki, Novruz bizim milli dəyərlərimizə, tariximizə, adət ənənəmizə töhfə olub ki, onun bu günə gətirib çıxara bilmişik. Novruz sadəcə bir tarixin qeyd edilməsi deyil. Novruz hər bir canlının həyatında dəyişiklik, yenilik anı deməkdir. Ona görə də bu bayramı qoruyub saxlamaq lazımdır. Novruz bayramı münasibəti ilə hər bir insana can sağlığı, ölkəmizə bol ruzi, bərəkət, cənab Prezident İlham Əliyev başda olmaqla xalqımıza yeni-yeni uğurlar arzu edirəm.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev:
İstənilən milli bayramlar xalqın simasıdır. Milli bayramlar tarixdən süzülüb gəlir. Həm də çox asan gəlmir. Ciddi təpkilərin olmasına baxmayaraq 70 illik sovet imperiyası dövründə bu bayram qorundu. Hətta 60-cı illərin sonunda Qız Qalası üzərində və yaxınlığında od yandırılma və bayraq qaldırılma hadisəsi belə oldu. Bu bayram özündə cəm etdiyi bir çox fəlsəfə ilə millətin çox dərin bir tarixə malik olduğunu göstərir. Bu bizim millətə məxsus olan bir bayramdır. ABŞ-lı ekspertlər də deyir ki, yeni il dekabrda qeyd olunsa da əsl yeni il mart ayında baş verir. Adət-ənənənin qorunması baxımından millət yaşayır. Əgər adət-ənənə qorunmasa millət assimilyasiya olunar. Bu mənada bayramlar milləti qoruyan bir ünsürdür və Azərbaycan xalqını sizin vasitənizlə təbrik edirəm.
Biz də Səs Media Qrup olaraq bütün Azərbaycan xalqını Novruz Bayramı münasibəti ilə təbrik edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB