Musa Qasımlı: “Səfər əlaqələri daha da genişləndirəcək” MÜNASİBƏT

Musa Qasımlı: “Səfər əlaqələri daha da genişləndirəcək” MÜNASİBƏT

"Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin ölkəmizə səfəri Azərbaycan - Pakistan münasibətlərində mühüm hadisə olmaqla, yeni bir keyfiyyət mərhələsi açır". Bu fikirləri SİA-ya millət vəkili, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı Azərbaycan-Pakistan əlaqələrini şərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, ölkələrimiz arasında münasibətlərin zəngin tarixi vardır: "Dövlət müstəqilliyimizi tanıyan üçüncü ölkə olaraq Pakistanın Azərbaycan Respublikasına, Azərbaycanın da Pakistana münasibətdə yürütdüyü siyasət tam aydın və birmənalı olub, olaraq qalır. Pakistan Ermənistanın ölkəmizə qarşı təcavüzü və ərazilərimizin bir hissəsinin işğalı məsələsində ədalətli, qəti mövqe tutur. Ötən illər ərzində iki ölkə arasında münasibətlərin müqavilə-hüquq bazası formalaşdırılıb. Ölkələrimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli əməkdaşlığı həyata keçiriblər. Diplomatik-siyasi, müdafiə, təhlükəsizlik, ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə böyük işlər reallaşdırılıb. Heydər Əliyev Fondu Pakistanda zəlzələdən zərər çəkənlər üçün müasir məktəb binası inşa edib, həmçinin sel daşqınlarından zərər çəkənlərə maddi yardımlar edib".

Millət vəkili Musa Qasımlı bu səfər zamanı imzalanan sənədlərin qarşılıqlı münasibətlərin dərinləşdirilməsi üçün əlavə imkanlar açacağını və böyük potensialın gözləndiyini də vurğulayıb".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə