Bu gün YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin III Hesabat seçki konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev, YAP İcra Katibliyinin məsul işçisi Rəfael Gülməmmədov, Şəhər Partiya Təşkilatının sədri Naqif Həmzəyev, AMEA-Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Şəhər Partiya Təşkilatı və Gənclər Birliyinin üzvləri, ziyalılar, fəal gənclər, media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açıb. Azərbaycanın Dövlət Himni səsləndirilib.
YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev Hesabat məruzəsi ilə çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə layiqincə həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən, gənclərə göstərilən hərtərəfli diqqət və qayğıdan, onlara yaradılan yüksək şəraitdən və verilən geniş imkanlardan söhbət açıb. Bu istiqamətdə YAP Gəncə Şəhər Partiya Təşkilatı Gənclər Birliyinin də məqsədyönlü işlər gördüyünü , genişmiqyaslı fəaliyyət göstərdiyini qeyd edib.
Diqqətə çatdırıb ki, şəhər təşkilatının 32200 üzvündən 17999 nəfəri gənclərdir. Hesabat dövründə partiya sıralarına 4530 nəfər gənc qəbul edilib. Onlar şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, bütün sahələrdə , həmçinin elmdə, təhsildə böyük uğurlar qazanırlar. Bu gün Gəncə 2016-ci il üçün Avropanın "Gənclər paytaxtı"dır. Bu nailiyyət Gəncənin hər bir gəncinin fəallığının, təşəbbüskarlığının göstəricisidir.
Konfransda hesabat dövründə görülən işlər barədə ətraflı məlumat verilib.
Çıxış edənlər Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Müzakirə olunan məsələlərlə bağlı təkliflər nəzərə alınmaqla qərar qəbul olunub. Sonra təşkilati məsələlərə baxılıb. YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədr və müavinləri seçiliblər. Həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib. Eləcə də III Hesabat Seçki Konfransının Qərar layihəsi qəbul edilib.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət oxunub.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB