Bu gün Azərbaycan Milli Məclisində "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda dinləmələr keçirilir. SİA-nın məlumatına görə, dinləmələrdə çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanın ABŞ-dan gözləntiləri və istəkləri var.
O, hesab edir ki, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ səylərini daha çox artırmalıdır.
S.Seyidov qeyd edib ki, Azərbaycan-ABŞ münasibətləri strateji əlaqələrə əsasaslanır və bu istiqamətdə inkişaf edir: "Azərbaycan-ABŞ münasibətləri 1994-cü ildən yeni mərhələyə qədəm qoyub. "Əsrin müqaviləsi"nin imzalanması və buna ABŞ prezidenti Bill Klintonun dəstək göstərməsi ABŞ-ın Azərbaycana hansı önəm verdiyini göstərirdi. Bu müqavilə regionun iqtisadi-siyasi xəritəsini çəkdi. 2001-ci ildə ABŞ-da terror hadisələrindən sonra ABŞ-Azərbaycan münasibətləri daha bir yeni mərhələyə qədəm qoydu. Azərbaycan ABŞ-la birgə bütün gücünü terrorla mübarizəyə yönəltdi. Azərbaycan hərbçiləri ABŞ hərbçiləri ilə çiyin-çiyinə terrorizmə qarşı birgə döyüşür".
"Nəzərə alsaq ki, bu gün Azərbaycan terrora qarşı mübarizədə öz logistik imkanlarını ortaya qoyaraq ABŞ-a xüsusi bir dəstək göstərir, bu bizim münasibətlərin nə dərəcədə əhəmiyyətli olmasına dəlalət edir. Təbii belə yüksək səviyyədə formalaşmış münasibətlər ilə yanaşı Azərbaycan ABŞ-dan öz gözləntiləri var və bu gözləntilər içərisində ən əsası ABŞ-ın Dağlıq Qarabağa olan və bizim Azərbaycanın işğal altında olan torpaqlarına münasibətdir. Bu gün ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyəti yalnız həmin münaqişə ilə bağlı deyil, o cümlədən ABŞ-Azərbaycan münasibətlərinə ciddi təsir edən amildir. Bu prosesləri bir-birindən ayırmaq heç də düzgün olmazdı. Vaxtilə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü altında həmin ATƏT-in Minsk qrupunun tərkibinə ABŞ-ın daxil olması ilə bağlı böyük bir fəaliyyət aparılıb. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun daxilində obyektivlik, balanslaşdırılmış, düzgün siyasət daha qabarıq şəkildə özünü göstərməlidir. Bununla yanaşı, Azərbaycan ABŞ-dan Azərbaycana selektiv yanaşmanı aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyətin görülməsini gözləyir, ikili standartların aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyət gözləyir. Azərbaycan öz münasibətlərində ABŞ-dan beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də və başqa dünyada vacib təşkilatlarda beynəlxalq qanunun bərqərar olması istiqamətində ABŞ-ın rolunu, əhəmiyyətini, təsirini gözləməkdədir. Bu çox vacib və əhəmiyyətli olan məsələ Azərbaycan-ABŞ münasibətlərinə təsir edən bir amildir. O cümlədən biz bu gün Azərbaycan olaraq ABŞ-an Azərbaycanda sabitlik, təhlükəsizlik, demokratik inkişafın təmin olunması ilə bağlı öz obyektiv münasibətini gözləyirik. Ona görə ki, biz çox gözəl bilirik ki, ABŞ-da təssüflər olsun erməni lobbisi və Azərbaycana qarşı işləyən qüvvələr ABŞ-ın siyasətini düzgün istiqamətdə formalaşdırmamaq, Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir göstərmək cəhtləri göz qabağındadır. Bunun bariz nümunəsi elə 907-ci düzəlişdir və bu, birbaşa erməni lobbisinin, Azərbaycanı istəməyən qüvvələrin ABŞ-ın siyasətinə, onun özünün maraqlarına bu regionda zidd olan hərəktlərin qəbul olunmasına gətirib çıxaran bir amil kimi qiymətləndirilməlidir" – deyə, S. Seyidov bildirib.
Çıxış edən Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, hazırda Azərbaycan ABŞ-ın əsas müttəfiqi olan Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır: "Azərbaycan 2008-2014-cü illərdə nəql etdiyi neft və neft məhsullarının təqribən 14 faizi ABŞ-ın payına düşür. Bütövlükdə isə Azərbaycan neft və neft məhsullarının təqribən 60 faizini ABŞ-ın əsas müttəfiqi olan Avropaya nəql edib".
V. Bayramov vurğulayıb ki, ABŞ-ın ikili standart siyasəti Cənubi Qafqaz regionundakı maraqlarına ciddi zərbə olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq Münasibətlər və xarici siyasət" kafedrasının professoru Elman Nəsirov deyib ki, Azərbaycan ABŞ-a strateji tərəfdaş kimi baxır: "Azərbaycan 11 sentyabrdan sonra Əfqanıstanla bağlı məsələlərdə ABŞ-ın yanında oldu və digər məsələlərdə onu dəstəklədi. Lakin bu birtərəfli olmamalıdır. Qarşı tərəfdən də gözləntilər var. Niyə görə ABŞ-dan baş verən hadisələrlə bağlı ölkəmiz haqqında laiqli cavab gəlmir? Xüsusilə də, Qarabağ məsələsində bizə dəstək göstərmirlər. Onlar yeganə dövlətdir ki, qondarma Dağlıq Qarabağa maliyyə dəstəyi göstərir. Ermənmistan mətbuatı yazır ki, qondarma Qarabağ respublikasına 2 milyard maliyyə ayırıb. Bu qondarma rejimin ABŞ-da nümayəndəlikləri açılıb. Düşünürəm ki, bir gün qondarma Luqansk respublikası da ABŞ-a müraciət etsin ki, bizim də orada nümayəndəliyimiz açılsın. Azərbaycan ABŞ-ı strateji tərəfdaş tanıyır, lakin onun 5 ştatı qondarma respublikanı tanıyırlar. Bu ABŞ-ın imicinə də zərərdir. Düşünürəm ki, ABŞ-ın Azərbaycanla bağlı yürütdüyü siyasətdə dəyişiklik olmasa, belə olan halda, baş verəcək hadisələrə görə, bütün məsuliyyət ABŞ-ın üzərinə düşür. Ən əsası isə 907-ci maddə ləğv olunmayıb. İşğala məruz qalan da biz, günahkar da biz? Bütün bunların hamı təəssüf ki var və reallıqdır. Çox istərdim ki, ABŞ-ın bu siyasəti məqsədyönlü və planlı olmasın".
Millət vəkili Çingiz Qənizadə isə çıxışı zamanı belə bir sual verib: "Niyə Qərb və ABŞ Azərbaycan qarşı münasibətdə ikili standart, ikili mövqe irəli sürür. Onların separatçı rejimlərə münasibəti göstərir ki, həqiqət belədir. Yaxın bir ay ərzində ABŞ-da Azərbaycanla bağlı iki dinləmə keçirilib. Nə baş verir ki, bir ayda belə iki dinləmə keçirməyə vaxt tapılır və insanlar ora dəvət olunur? Bu dinləmələrdə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müəyyən iradlar irəli sürülür. Bu tədbirlərin nə qədər obyektiv olduğunu görmək üçün tədbir iştirakçılarına nəzər yetirmək kifayət edir. Bu tədbirlərdə ermənipərəst qüvvələr, erməni lobbisinin nümayəndələri və Azərbaycanda radikal müxalifətə meylli və bağlı qeyri hökumət təşkilatlarında fəaliyyət göstərən adamlar iştirak edir. Bir Azərbaycan vətəndaşı kimi qəbul etmədiyim məqam odur ki, bizim bu təmsilçilərimiz hətta separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən qüvvələrlə bir masa arxasında necə otururlar. Əgər həmin qüvvələr Dağlıq Qarabağı Azərbaycanın tərkib hhissəsi hesab etmirsə, onlarla bir masa arxasında oturmağa dəyməz. Ancaq, təəssüf ki, bizim bəzi vətəndaşlarımız öz mənafeləri naminə bu məqamı arxa plana keçirirlər".
"Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin milli maraqları hər şeydən önə çəkilib. Azərbaycanın milli maraqlardan bir addım kənara çəkilməyən siyasət yürütdüyü üçün bəzi dövlətlər ölkəmizə təzyiqi bu iki standartlarda görürlər" – deyə, Ç. Qənizadə qeyd edib.
Qeyd edək ki, dinləmələrdə millət vəkilləri, qeyri-hökumət təşkilatlarının, müxalifət partiya rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB