Şəhidlər Xiyabanında Həzi Aslanovun xatirə mərasimi keçirilib YENİLƏNİB
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əsəd oğlu Aslanovun anadan olmasının 105 və Böyük Vətən Müharibəsində həlak olmasının 70 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. SİA-nın məlumatına görə, bu gün Müdafiə Nazirliyinin, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti, müharibə veteranları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə qəhrəmanın Şəhidlər Xiyabanında xatirə mərasimi keçirilib. Müdafiə Nazirliyi adından məzar-abidə kompleksi qarşısında əklil və gül dəstələri qoyulub, generalın xatirəsi hörmət və ehtiramla yad edilib. Xatirə mərasimində Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, polkovnik Abdulla Qurbani qəhrəmanın həyat və döyüş yolundan danışaraq qeyd edib ki, H.Aslanov Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir: "Xalqımız Ümummilli Lider Heydər Əliyev H.Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını xüsusilə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar verib. Bu ənənə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə tədbirlər Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhunun yüksədilməsində mühüm əhəmiyyət kəsb edir".
Daha sonra Respublika Veteranlar Şurasının sədri, istefada olan general-mayor Dadaş Rzayev və başqaları çıxış edərək qəhrəmanın həyat və döyüş yolundan söhbət açıblar.
Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək qeyd edib ki, H.Aslanov böyük və parlaq həyat yaşayıb: "O, bizim müasir tariximizdə çox böyük rol oynamış sərkərdədir. Bu gün Silahlı Qüvvələrin döyüş hazırlığı xüsusən tank və müxanikləşdirilmiş hissələri, bölmələri onun adı ilə bağlıdır. Eləcə də bütün müsabiqələr, yarışlar H.Aslanovun adı ilə hallanır".
Sonra generalın nəvəsi, polis general-mayoru Həzi Aslanov ailələri adından ölkə Prezidenti cənab İlham Əliyev və Müdafiə Nazirliyinin rəhbərliyinə babalarına göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib.
Xatırladaq ki, günün ikinci yarısında C.Naxçıvanski adına Hərbi Liseydə yubiley tədbiri davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB