Əhməd Oruc: “Sərdar Cəlaloğlu əzrayıllıq etmək istəyir” AÇIQLAMA
"Sərdar Cəlaloğlu Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan təşkilatların yığıncağında parlament seçkiləri ilə bağlı heç bir fikir irəli sürməyib". Bu fikirləri Azadlıq Partiyasının sədri Əhməd Oruc ADP sədri Sərdar Cəlaloğlunun parlament seçkilərində partiyaların birgə iştirakı ilə bağlı verdiyi təklifindən sonra həmin təklifə yekdil rəyin verilməməsi iddialarına münasibət bildirərkən deyib.
Əhməd Oruc bildirib ki, müxtəlif təkliflər var: "Müxalifətin Konsalidasiyası, Demokratiya və İnsan Haqları Mərkəzinin ayrıca seçkiyə qatılmasını buna misal göstərə bilərəm".
Azadlıq Partiyasının sədri ADP sədri Sərdar Cəlaloğlunun ortada yekdil rəyin olmadığı üçün Müsavat və Ümid partiyaları ilə birgə seçkilərdə iştirak etməsi iddiasına da münasibət bildirib. O qeyd edib ki, hər partiya öz mənafeyinin təmin edilməsi, öz çıxarı, öz maraqları naminə bu məsələdə çıxış edir: "Elə insanlar var ki, bir-birinə zidd on beş təklif irəli sürüb. Bunu qınamıram. Kim kiminlə seçkiyə qatılmaq istəyirsə xeyirli olsun. Yəqin hesab edirlər ki, perspektiv baxımından bu doğrudur. Hazırkı məqamda hər bir müxalifət partiyası ancaq və ancaq öz maraqlarını güdür".
Sərdar Cəlaloğlunun korporativ maraqlardan çıxış etdiyini deyən Əhməd Oruc məşhur lətifəni xatırladaraq deyib ki, görünür ADP sədri də Əzrayıl kimi hamını bir gəmiyə yğaraq, həmin gəmini batırmaq istəyir: "Belə bir lətifə var. Orada əzrayıl bir insanın həyatını almaq istəyir. Lakin insan ondan bir az da yaşaması üçün vaxt istəyir. Əzrayıl isə onunla razılaşır. İnsan Əzrayıldan canını qurtarmaq üçün düşünür ki, insanlarla dolu gəmiyə minsə ona toxunmaz. Gəmidə görür ki, Əzrayıl oturub gəmidə və deyir ki, sizi bura yığmaq üçün on ildir mücadilə edirəm. Yəqin Sərdar Cəlaloğlu da kimlərisə batırmaq üçün uzun illərdir hamını gəmiyə yığmaqla məşğuldur".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB