Zahid Oruc: "Qiymətlər iqtisadi cəhətdən əsaslandırılmış olmalıdır" AÇIQLAMA
"Sözsüz ki, Azərbaycan Respublikası qanunvericliyi üzrə Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarını ləğv etmək hüququ mütəsna olaraq ölkə başçısı İlham Əliyevin səlahiyyətindədir. Təbii ki, dövlət başçısı da bu hüququndan milli mənafe naminə istifadə etdi". Bunu SİA-ya millət vəkili Zahid Oruc deyib.
Deputatın sözlərinə görə, burada məsələ heç də yanacağın qiymətinin hansı miqdarda qaldırılmasından və buna ölkə rəhbərinin reaksiya verməsindən getmir: "Təbii ki, bu rəqəm fərqli də ola bilərdi. İlk növbədə hər bir tədbir hökumətin hansısa strukturunun məsələyə yanaşması və xüsusilə də qiymətləri dövlət tərəfindən tənzimlənən sahələr üzrə atılan addımlar iqtisadi cəhətdən ciddi əsaslandırılmış olmalıdır. Bu məsələ ilə bağlı qeyd olunurdu ki, Milli Məclisdə qəbul olunmuş Vergi Qanunvericiliyinə görə, artıq yol vergisinin yığımı texniki baxışdan keçən maşınların mühərrikinin həcminə görə deyil, onun istifadə etdiyi yanacağın üzərində qurulacaqdır. Həqiqətən də bir çox ölkələrdə bu praktikadan istifadə edilir. Burada o arqumentlərin də yeri var ki, 5-7-9 və s. illər üzrə bölünmüş bu texniki baxışlardan keçməyənlər həmin verginin ödəyicisi olmaqdan özlərini kənar saxlayırlar. Sonradan isə onları buna cəlb etmək xeyli çətinləşir".
Z. Oruc deyir ki, 95 markalı yanacağın qiyməti ilə bağlı çox unikal bir izah verildi: "Söylənildi ki, əslində onun qiyməti 2 qəpik endirilib, lakin məlum Tarif (qiymət) Şurasının qərarına görə yenidən o 2 qəpik qaldırılıb. Avtomatik olaraq dövlət başçısı İlham Əliyevin bugünkü qərarından sonra belə çıxır ki, 95 markalı yanacağın qiyməti 2 qəpik endirilmiş olmalıdır. Çünki, əslində onlar bunu bəyan ediblər".
Vurğulanıb ki, hökumət strukturları bütün bu tədbirlərin həyata keçirilməsi zamanı əlbəttə ki, qətililik, gözlənilməzlik amillərini nəzərə almalı olurlar: "Əgər onlar bəyan etsələr ki, 3 gün sonra yanacağın qiyməti qaldırılacaqdır onda avtomatik olaraq hansı nəticələrin ortaya çıxmasını göz önünə gətirmək o qədər də çətin deyil. Təbii ki, burada gözlənilməzlik effekti baş verə bilər. Düşünürəm ki, yanacağın qiymətinin dəyişdirilməsi digər zəncirvari reaksiyalara səbəb ola biləcəkdi. Ümumiyyətlə, bu iqtisadiyyatda özünün mənfi effektini doğura bilərdi".
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.
Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.
Qərar 15 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB