Vətənin daşı olmayan vətəndaş Xədicə İsmayılova

Vasif Həsənli
Vətənin daşı olmayan vətəndaş Xədicə İsmayılova

Fransız kriminalistlərinin cinayətlərə yanaşmasında belə bir şüar var: "Cherchez la femme!" (şerşe lya fam) – "Qadını tapın"! Deyilənə görə, bu fikri onlar qədim Romadan mənimsəyiblər. Yəni, istənilən cinayətdə mütləq qadın izi var. Gender bərabərliyi, insan hüquqları, etika baxımından bu ifadə bir o qədər uğurlu sayılmasa belə, son zamanlar cəmiyyətdə hüquq müdafiəçisi, tədqiqatçı-jurnalist pərdəsi altında fəaliyyət göstərən Leyla Yunus və Xədicə İsmayıl kimi qadınları gördükdə bu fikrin doğruluğuna şübhə yeri qalmır.

Bu şəxslər barəsində istintaq hərəkətləri aparıldığından onları cinayətkar adlandırmağa tələsmirik. Lakin onların müəyyən qüvvələrin himayəsi və göstərişi əsasında fəaliyyət göstərməsi açıq-aşkar görünən v bilinən faktlardır. Burada bir o qədər də təəccüblü heç nə yoxdur. Təəccüblü olan isə daima Vətənə sədaqəti, ailəyə və torpağa məhəbbəti ilə fərqlənən Azərbaycan qadının bu işlərə necə qurşanmasıdır.

Azərbaycanın keçdiyi şərəfli tarix boyu heç bir qadın bu cür əməllərə şərik olmayıb, əksinə, yeri gəldikdə əlinə qılınc götürərək müharibəyə gedib Vətənin müdafiəsində qəhrəmanlıq nümunələri göstərib.

Massaget hökmdarı Tomris, Şah İsmayıl Xətainin həyat yoldaşları Taclıbəyim və Bəhruzə Xatun, Uzun Həsənin anası Sara Xatun, Nigar, Həcər, Tuti Bikə, Salatın Əsgərova, Gültəkin Məmmədova və digərləri öz qəhrəmanlığı, zəkası və vətənpərvərliyi ilə adlarını tariximizin qızıl səhifələrinə yazdırıblar.

Bu cür nümunələrin sayını sonsuz qədər artırmaq olar. Ancaq məsələnin əsas mahiyyəti insanın yaşadığı cəmiyyətə xəyanətkar münasibəti, heç bir mənəvi haqqı olmadığı halda ona ağıl dərsi vermək istəyində olması, özünün insani və şəxsi keyfiyyətləri aşağı səviyyədə olduğu halda dövlətə və onun vətəndaşlarına təhqiramiz münasibətidir. Qəhrəmanlıq və vətənpərvərlik bir tərəfə, bu cür insanlar adi vətəndaşlıq borclarını belə layiqincə yerinə yetirmirlər.

Azərbaycandakı bəzi qeyri-hökumət təşkilatlarının (QHT) guya insan hüquqları və demokratiya prinsiplərinə sədaqət nümayiş etdirərək ermənilərin xeyrinə olan müxtəlif iddialarla çıxış etməsi, ölkəmizdə guya insan hüquq və azadlıqlarının olmaması barədə ermənilərlə eyni mövqedə dayanması onların müəyyən dairələrin təsiri altında fəaliyyət göstərdiklərini deməyə əsas verir.

İndi Ermənistan dünyanın hər yerində guya Azərbaycanın demokratik olmaması, bu səbəbdən də Qarabağın "qeyri-demokratik Azərbaycan"la bir dövlətdə yaşamaq istəməməsi kimi dezinformasiyalar yayır, cəmiyyətdəki Leyla Yunus və Xədicə İsmayıl kimi insanlar isə öz uydurma iddiaları ilə onların bu yalanlarını təsdiqləmiş olurlar.

Ermənistan prezidenti Serj Sarksiyan hər zaman, hər yerdə, hətta Avropa Şurası kimi mötəbər təşkilatın tribunasından bəyanat verir ki, Xocalı soyqırımında, erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal edilməsində şəxsən iştirak edib və bununla fəxr edir.

Məlum olduğu kimi, işğalçı dövlətin prezidentindən başqa, eyni zamanda onun siyasi elitasının üzvlərinin əksəriyyəti müharibə caniləridir. Xədicə İsmayıl, Leyla Yunus və digər onu kimi adamlar bununla bağlı açıqlamalar verə, öz etiraz səslərini ucalda bilməzdilərmi?! Onların ermənilər qarşısında nəinki Azərbaycanın haqq səsini ucaltmaması, əksinə mənfur işğalçıları müdafiə etməsi həmin şəxslərin ermənipərəst qüvvələrin təsiri altında olmasını deməyə əsas verir.

"Roma Papasından daha artıq katolik olmaz" deyiminin əskinə olaraq, bu cür şəxslər özlərini ifrat dərəcədə qərbpərəst, demokrat göstərməyə çalışaraq yalnız və yalnız bir amal uğrunda mübarizə aparırlar: vətəndaşı olduqları, havasını udub çörəyini yedikləri dövləti və hakimiyyəti tənqid edərək bunun müqabilində xarici banklardakı şəxsi hesablarına bir az da çox dollarların köçürülməsinə nail olmaq!

Leyla Yunus konkret cinayət əməlində təqsirli bilinərək məsuliyyətə cəlb olunan bir sıra şəxsləri "siyasi məhbus" siyahısına daxil edərək, əvəzində Qərb təşkilatlarından küllü miqdarda qrant almağa nail olub. Onun qondarma "siyasi məhbus" siyahısında vətənə xəyanət edən insanların adı kifayət qədərdir.

Onun həmfikiri olan Xədicə İsmayıl isə himayəsində olduğu xarici qüvvələrin narahatlığını bölüşərək, Azərbaycan prezidentinin beynəlxalq təzyiqlərə baxmayaraq ordumuzun zabiti Ramil Səfərovu ölkəmizə qaytarmasına qarşı etiraz kampaniyasına başlamışdı. Azərbaycan zabitinin tam qanuni şəkildə Vətənə ekstradisiyasından narahat olduğunu bildirən ABŞ və onunla həmrəy olan bəzi ölkələr həmin məsələdə Ermənistanla xristian həmrəyliyini əsas götürdülər. Bəs düşmən dəyirmanına su tökən Xədicə İsmayıl Ramil Səfərovun azad olunmasını qeyri-qanuni adlandırarkən nəyə əsaslanırdı?!

Ramil Səfərovun əfv olunmasından narahatlığını ifadə edən ölkələrdən biri olan ABŞ dünyanın 70-dən çox ölkəsi ilə eksterritoriallıq haqqında müqavilə imzalayıb. Bu müqavilələrin mahiyyəti də ondan ibarətdir ki, ABŞ silahlı qüvvələrinin hərbi qulluqçuları xarici dövlətlərin ərazilərində cinayət törədərsə, onlar həmin ölkələrdə deyil, ABŞ-a ekstradisiya olunaraq onun qanunları ilə mühakimə oluna bilərlər. Əgər Xədicə İsmayıl haqq-ədalət tərəfdarı idisə, Azərbaycan prezidentinin Ramil Səfərovu qanuni şəkildə ölkəyə gətirməyinə narazılıq bildirmək əvəzinə, ABŞ ordusunun eksterritoriallıq hüququnun qeyri-qanuniliyindən danışsa, daha obyektiv şəxs təəssüratı yaradardı.

Nəinki tərəqqipərvər bəşəriyyətə, hətta yaşadığı cəmiyyətə və onun həyatının heç bir sahəsinə zərrə qədər də töhfə verməyən Xədicə İsmayıl və Leyla Yunus kimi insanlara mükafatlar verilməsi, daima beynəlxalq tədbirlərdə iştiraka dəvətlər, onların demokratiya carçısı, az qala əzabkeş Məryəm Ana obrazında təsvir olunması heç bir məntiqə sığışmır.

Sonda bunu da qeyd etmək yerinə düşər ki, Xədicə İsmayıl fürsət düşən kimi Allaha inanmadığını, ateist olduğunu vurğulayır. Bəli, bu, yəqin ki, onun yeganə inandırıcı etirafıdır. Çünki qibləsi vicdan olmayan bu cür insanların ibadət etdiyi tək məfhum xarici hesablarına köçürülən dollarlardır!

Bütün xəbərlər Facebook səhifəmizdə