Elşən Musayev: “Müsavat nə vaxt seçki təbliğatı apardı, biz görmədik?”

Elşən Musayev: “Müsavat nə vaxt seçki təbliğatı apardı, biz görmədik?”

Dünən Azərbaycanda keçirilən növbəti bələdiyyə seçkiləri – həmin siyasi akta ümumi, geniş dəyərləndirmə kontekstindən yanaşmış olsaq kifayət qədər demokratik və şəffaf keçirilib. Bunu Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev dünən keçirilən bələdiyyə seçkilərinə münasibət bildirərkən deyib.

O bildirib ki, syrıca, bir siyasətçi kimi izlədiyi proses, gedişat dövlətimiz və millətimiz adına şəxsən onu sevindirir: "Həm də bir sıra nüanslara nəzərən. Əvvəla, bu seçkidə qadınlar və gənclər kifayət qədər aktiv idi. Kütləvilik baxımından bu son dərəcə sevindirici haldır. İkincisi, seçki təbliğatı boyunca ziddiyyətli, qarışıq, mübahisəli məsələlərin, hadisələrin şahidi olmadıq. Yəni, namizədlər bütün kampaniya ərzində bir-birinə qarşı son dərəcə ehtiramla yanaşdılar. Və nəhayət...üçüncü nüans: Azərbaycan xalqı növbəti dəfə öz ayıq, çevik, məntiqli iradəsini ortaya qoydu. Layiqli namizədlərə səs verdi. Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursuna dəstəyini, bağlılığını bir daha əyanı formada sübut etdi. Və deyim ki, əslində gözlənilən də bu idi: Yeni Azərbaycan Partiyasının qələbəsi. Çünki, bu Partiya mövcud siyasi reallıqda özünə rəqib tanımır. Onun alternativi yoxdur. Yetərincə güclüdür. Öncəlliklə favorit, sonucda isə qalib olmağı bacarır".

Müsavatın seçkiləri saxta adlandırmasına da münasibət bildirən E. Musayev deyib ki, bir seçkini saxta adlandırmaq üçün ilk öncə o seçkidə iştirak eləmək lazımdır: "Amma 3-5 nəfərlə, təkəm-seyrək adamla deyil, əməlli başlı. Yox əgər bunu edə bilmirsənsə, o zaman barı abrına qısılıb danışmamalısan. Və ya, Müsavat nə vaxt seçki təbliğatı apardı, biz görmədik? Onlar YAP-ın qarşısına hansı resursla çıxdılar, hakimiyyət partiyası ilə mübarizəyə hansı faiz nisbəti ilə girdilər? – Bunu düşünürlərmi? Baxın mətbuata, son 20 günün media arxivinə: Yeni Azərbaycan Partiyasının az qala bütün rəhbər üzvləri yerlərə, bölgələrə təhkim olunmuşdur. Bu Partiya hər səs uğrunda mübarizə aparırdı. Keçirdikləri tədbirlər bir-birini sıralayırdı. Yaxşı bəs bunun qarşılığında Müsavat neylədi? Hansı addımları atdı, qələbəyə doğru hansı cəhdləri etdi?"

O qeyd edib ki, təbii, bu gün ən rahat yol kimisə ittiham etməkdir: "Boş-boş, arqumentsiz, heç bir fakta söykənmədən. Fəqət, eyni zamanda nəzərə alın ki, bu ittihamlar həm də 22 ildir səngiməyən ittihamlardır. Üstəgəl, heç bir zaman da bəlli zolaqdan o yana keçməyib. Yəni təsdiqini tapmayıb, nəyisə dəyişməyib, xalqın, cəmiyyətin fikrinə təsir gücü olmayıb. Odur ki, qoy danışsınlar. Hətta ürəkləri istəyən qədər danışsınlar. Zatən onların fikri, düşüncəsi bu ölkədə kimsəni ilgiləndirməz. Nə xalqı, nə cəmiyyəti, nə də hakimiyyəti....".

Bütün xəbərlər Facebook səhifəmizdə