Avropa Şurası seçkilərə müşahidəçi göndərmədi

Avropa Şurası seçkilərə müşahidəçi göndərmədi

"Əvvəlki bələdiyyə seçkilərində olduğu kimi bu dəfə də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə bələdiyyə seçkilərində müşahidəçilərin göndərilməsi üçün noyabr ayında rəsmi müraciət etmişik. Ancaq onlar əməkdaşlıq etməyə çox şad olardıq desələr də, gəlmədilər. Bu, qarşıdan gələn Yeni İl bayramı və müşahidəçilərin toplanılmasında çətinliklə əlaqədar ola bilər". SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında dilə gətirib.

O bildirib ki, Qərb ölkələrinin 90 faizində seçici məsuliyyəti var: "Müəyyən müddət ərzində vətəndaş seçici siyahısına düşməsə, həmin müddət keçəndən sonra məhkəməyə müraciət etsə də, siyahıya salınmır. Digər tərəfdən, ümumiyyətlə, Qərbdə müşahidə institutu yoxdur. Biz ABŞ-da seçkiləri müşahidə edərkən Texas ştatı qərar çıxardı ki, seçki məntəqələrində müşahidə etmək istəyən şəxsi tutsunlar. Qərb dəyərləri ciddi dəyərlərdir. Ancaq bu baxımdan Azərbaycana münasibət seçkilərin baş verdiyi real mənzərəyə uyğun deyil. İstənilən halda Qərb dünyası ilə əməkdaşlıqdan qaçmaq düzgün deyil. Həm də biz gözükölgəli deyilik, normal seçkilər keçiririk. Görürsüz ki, polisə nə hüquq veriblər, polis nələr edir?! Azərbaycan kimi ABŞ-a da yaxşı və pis münasibətdə olanlar var: Ancaq bu həmin ölkələrin ABŞ-a düşmən münasibətdə olması demək deyil".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə