Mehriban Abasquliyeva: “Bütün nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır” AÇIQLAMA
"Azərbaycanda dövlətçilik ənənələrinin varisi olmaqla yanaşı, milli birliyimizin, mütəşəkkilliyimizin və milli ideologiyamızın-azərbaycançılığın təməli olan Heydər Əliyev məktəbinin ideoloji varisi olan Cənab İlham Əliyevin XXI əsrin siyasi lideri olacağı və müstəqil dövlətçiliyimizin zəminində yaranmış bugünkü ənənələrimizi uğurla davam və inkişaf etdirəcəyinə xalqın heç bir şübhəsi yoxdur". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva ölkə rəhbəri İlham Əliyevin fəaliyyəti barədə fikirlərini şərh edərkən deyib.
"Məhz buna görə, müstəqil Azərbaycanın tarixinə əlamətdar hadisə kimi daxil olaraq, yeni minillikdəki tarixinə həkk olunan daha bir demokratik, ədalətli və şəffaf seçkilərdə ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun təntənəsinə, bu kursun son on ildə Azərbaycana gətirdiyi böyük nailiyyətlərə səs vermişlər. Xalq Ümummilli Liderin siyasi xəttinə sadiq olduğunu və bu siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevə inandığını, güvəndiyini, etimad göstərdiyini, onu hər zaman dəstəklədiyini növbəti dəfə nümayiş etdirir", - deyə vurğulayan Mehriban Abasquliyeva həmçinin bildirib ki, hələ ötən il, oktyabrın 19-da keçirilmiş andiçmə mərasimində dövlət başçısı prezident seçkilərinin Azərbaycanın demokratik inkişafına yeni təkan verəcəyini vurğulayıb: "Dövlətin tərəqqisinə böyük töhfələr vermiş nüfuzlu siyasi Lider Cənab İlham Əliyevin şəxsində Azərbaycan xalqı uğurlarını qazanmağa davam edir. Heydər Əliyev ideyalarını yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən xarizmatik Lider ötən illər ərzində özü də yeni bir idarəçilik məktəbinin banisinə çevrilmişdir.
Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin dünyadakı nüfuzu artmışdır. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olunmuş, Prezident İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır. Əsası ümummilli lider tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış uğurlar milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirilmiş, dönməzliyə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılmış, demokratik inkişaf, suverenlik və özünütəminetmə prinsiplərinə söykənən müstəqil Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr arasında ən qabaqcıl yerlərdən birini tutmuşdur. Şübhəsiz, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır".
YAP Sabunçu rayon təşkilatının sədri bildirib ki, Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ictimai-siyasi həyatın bütün sahələrində sürətli inkişaf müşahidə olunmuş, Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir: "Beləliklə, bir daha vurğulamaq yerinə düşərdi ki, bugünkü milli inkişafın fundamental əsaslarını Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün qanunauyğunluqlarına müvafiq surətdə qətiyyətlə və böyük uğurla davam etdirilməsi təşkil edir".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB