İşgəncələrə Qarşı Azərbaycan Komitəsi geri qaytarılan Gevorkyan ailəsinin böhtan və ağ yalanlarına etiraz olaraq bəyanat yayıb. Bu barədə SİA-ya komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudov özü məlumat verib.
E. Behbudovun sözlərinə görə, bəyanatda qeyd olunur: "Ermənistandakı acınacaqlı və dözülməz həyat şəraitindən cana doymuş Gevorkyan ailəsinin 5 nəfərdən ibarət üzvü könüllü olaraq 2010-cu ilin yanvar ayında Azərbaycana keçib. Azərbaycan dövləti humanistlik prinsipini rəhbər tutaraq insan hüquqlarına hörmət mənasında ölkəmizə pənah gətirən ailəni qəbul edib. Ailənin normal yaşayışı üçün onlara hər cür şərait yaradılıb. İnsan hüquq və azadlıqlarını rəhbər tutaraq dövlətimiz tərəfindən onlara qarşı həmişə humanistlik prinsipləri göstərilib. Belə ki, erməni ailəsi mütəmadi olaraq geyimlə, keyfiyyətli yeməklə, meyvə və ərzaq məhsulları ilə təmin edilib. Ən əsası isə daim həkim nəzarətində saxlanılıblar. Bu illər ərzində onların saxlanıldığı yerdə dəfələrlə monitorinq keçirmişik. Gevorkyan ailəsinin saxlanma şəraitindən və onlara qarşı münasibətdən heç vaxt bizə şikayətləri olmayıb. Onlar hər zaman yaradılan şəraitə görə, təşəkkür edirdilər. Onlar istəyirdilər ki, üçüncü bir dövlətə göndərilsinlər. Ancaq həmin ailənin başçısı məhkum olduğuna görə, onları xarici dövlət qəbul etmədi. Dövlətimiz humanistliyini nümayiş etdirərək həmin ailəni Ermənistan tərəfinə geri qaytarıb. Təəssüflər olsun ki, bu erməni ailəsi öz nankor xislətinə sadiq qalaraq, əsl simalarını nümayiş etdirərək qərəzli şəkildə öz dövlətinin məcburi diktəsi ilə guya Azərbaycanda olduqları müddətdə işgəncələrə məruz qalmaları barədə böhtan xarakterli məlumatlar veriblər. Onların dedikləri ağ yalandır. Sadəcə olaraq diktə altında belə açıqlamalar verirlər".
E. Behbudov qeyd edib ki, onlar Azərbaycanda 5 ilə yaxın yaşayıblar: "Bu müddət ərzində onların yaşayış vəziyyəti, necə şadlıq etdikləri hamıya məlum idi. Ancaq ermənilər girov götürülən iki azərbaycanlıya qarşı saxta məhkəmə qurur. Bununla yanaşı onları çox pis şəraitdə saxlayırlar. Onlar arıqlayıb nə vəziyyətdədirlər. Ermənilər bundan danışsınlar. Heç olmasa, utansınlar".
"İşgəncələrə qarşı Azərbaycan Komitəsi olaraq onların bu böhtan və ağ yalanlarına qəti etirazımızı bildiririk. Ona görə də etiraz müraciəti Azərbaycan prezidentinə, BMT-nin İşgəncələrə qarşı Komitəsinə, Avropa Şurasının İşgəncələrə və qeyri-insani rəftara qarşı Komitəsinə, İşgəncələrə Qarşı Ümumdünya Təşkilatına, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova, KİV-ə etiraz bəyanatı göndərilib" – deyə, E. Behbudov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB