Mədət Quliyev: “Tərbiyəsizlik Leyla Yunusun yaşayış üsuludur”

Mədət Quliyev: “Tərbiyəsizlik Leyla Yunusun yaşayış üsuludur”

"Təqsirləndirilən şəxs Leyla Yunus istintaq təcridxanasında hamı ilə birgə qaydalara uyğun olaraq saxlanılır". SİA-nın məlumatına görə, bunu Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Leyla Yunusun saxlanılma şəraiti ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

M. Quliyev deyib ki, bəzi dağıdıcı mətbuat orqanları Leyla Yunusun saxlanma şəraiti ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar: "Gülünc məsələlər irəli sürülür ki, guya ona yemək, dərman vermirlər. Bu, nə Azərbaycana, nə də Azərbaycançılığa uyğun olmayan məsələdir. Təqsirləndirilən şəxs Leyla Yunus digər təqsirləndirilən şəxslərlə bir yerdə saxlanılır. Ona heç bir təzyiq olmayıb və ola da bilməz. Bu deyilənlər hamısı yalandır".

Onun sözlərinə görə, dünən Səhiyyə Nazirliyinin həkimləri, həmçinin QHT nümayəndələri birlikdə Leyla Yunusun xəstə olub-olmaması ilə maraqlanıblar: "Bu, qətiyyən belə deyil. Onun xəstəliyi yoxdur. Sadəcə o, əvvəllər də özünü tərbiyəsiz aparırdı, həkimlərə ağır sözlər deyib təhqir edib. Bu, onun yaşayış üsuludur və biz onu başa düşürük".

M.Quliyev bildirib ki, həbsdə olan jurnalist Xədicə İsmayıl da eyni qayda ilə saxlanılır: "O, da təqsirləndirilən şəxsdir həmin qayda ilə ona da diqqət var. Amma görürsünüz ki, o da deyir ki, saxlanma şəraiti normaldır. Ons qarşı da heç bir təzyiq yoxdur".

"Ümumiyyətlə, mənim yanıma gələn xarici ölkələrin QHT nümayəndələri "Bəs, necə olur ki, guya siyasətlə məşğul olan adamlar dalbadal saxlanılır?" kimi suallar verirlər. Bunun cavabı çox asandır. Çünki jurnalist Rauf Mirqədirovun əməlləri və onun Ermənistana getməsi, maliyyələşməsi ilə bağlı cinayət işi qaldırılıb. Məsələlər araşdırılır. Həmin adamlar da cinayət işində adıçəkilən adamlardır. Təbii ki, onlar da dalbadal saxlanılmalıdırlar" -deyə, M.Quliyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə