MSK sədri: "İndiyə qədər 59 nəfər namizədlikdən imtina edib"

MSK sədri: "İndiyə qədər 59 nəfər namizədlikdən imtina edib"

"Azərbaycanda 1607 bələdiyyəyə namizədliyini irəli sürülən 39 917 nəfərə imza vərəqələri verilib". SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.

O bildirib ki, 37 564 nəfər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni 22 noyabr saat 18:00-a qədər imza vərəqələrini qaytarıblar.

M. Pənahov qeyd edib ki, namizədlərin qeydə alınması prosesi 29 noyabr tarixində başa çatacaq: "İndiyə qədər 59 nəfər namizədlikdən imtina edib, 36 770 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin 25 faizi qadın, 75 faizi kişidir. Seçkilərdə 8 siyasi partiya namizədlərini irəli sürüb, fərdi qayda namizədliklərini irəli sürən partiya üzvlərinin sayı nəzərə alınarsa, ümumilikdə 30 siyasi partiyanın üzvləri bələdiyyə seçkilərində namizəddirlər. Namizədlərin 60 faizi ali təhsilli, 0,3 faizi natamam ali təhsilli, 10,5 faizi orta ixtisas, qalanları orta təhsillidir.

Ötən seçkilərdə seçilən bələdiyyə üzvlərinin 26 faizinin qadın olduğunu xatırladan MSK sədri bələdiyyə seçkilərində qadınlara uğurlu nəticə arzu edib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə