Münaqişəsi dövründə itkin düşmüş şəxslərin ailə üzvlərindən ağız suyu toplanılıb
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə itkin düşmüş şəxslərin ailə üzvlərindən 400 nəfərdən bioloji nümunə olaraq ağız suyu toplanılıb". SİA-nın xəbərinə görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, görülən iş Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə birgə razılıq əsasında həyata keçirilən pilot layihə çərçivəsində həyata keçirilib.
Götürülən nümunələrin tədqiq olunması üçün xarici ölkələrdən birinin laboratoriyasına göndəriləcəyini deyən İş qrupunun rəhbəri vurğulayıb ki, gələcək fəaliyyət məhz analizlərin cavablarına uyğun olaraq həyata keçiriləcək: "Bu, adi proses kimi görünə bilər. Lakin görünməyən çətin məqamlar var. Həmin nümunələrin xarici ölkəyə aparılması və geri qaytarılması böyük prosesdir. Bunun üçün razılıq lazımdır".
F. Sadıqov həmçinin ermənilər tərəfindən saxlanılan azərbaycanlı girovlarla bağlı fikilərini də bildirib. O deyib ki, ermənilər girovlarımız üzərində dünya praktikasında olmayan bir məhkəmə prosesi qurublar.
"Ermənistan girov götürülmüş azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində məhkəmə qurmaqla bir şou düzəldib. Bütün məsələlərdə beynəlxalq hüquq normalarının pozuntusu açıq şəkildə görünməkdədir. Əvvəla, girov götürülmüş azərbaycanlıların öz dillərində özlərini müdafiə etmək imkanları yoxdur. İkincisi, guya onları tərcüməçi ilə təmin ediblər. Lakin tərcüməçi, göründüyü kimi, nə rus, nə də Azərbaycan dillərini səlis bilir. Məhkəmə zalında müxtəlif adamlar, maskalı şəxslər, silahlılar iştirak edirlər. Bu da azərbaycanlılara qarşı təzyiq vasitəsidir. Digər tərəfdən, dünya praktikasında olmayan bir məhkəmə prosesi qurublar. Təqsirləndirilən şəxslər ayrıca oturmalıdırlar, yəni zaldan təcrid olunmalıdırlar və sərbəst şəkildə həm tərcüməçiləri, həm də vəkilləri ilə ünsiyyətdə olmalıdırlar. Qondarma məhkəmə prosesi ərzində azərbaycanlı girovlara ciddi təzyiqlər göstərilir. Onların yaydığı kadrlara baxanda da görünür ki, proses zamanı nə Dilqəm Əsgərovun, nə də Şahbaz Quliyevin suallara hazırlaşmaq imkanı var. Onları məcbur ediblər ki, qeydlərini ermənilərin başa düşdükləri dildə aparsınlar. Dilqəmlə Şahbazın rus dili biliyi səviyyəsi də yüksək deyil. Hesab edirəm ki, onlar öz ifadələrini, sözlərini təzyiq altında deyirlər. Çünki əvvəl rusca dedikləri sözlər onların yadından çıxır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB